Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında paytaxtda həyata keçirilən kompleks yenidənqurma tədbirlərindən danışıb. Deyib ki, keçən altı ay ərzində Bakı şəhərinin mərkəzi küçə və prospektlərinə 196 min 400 kvadratmetr asfalt örtüyü salınıb, 692 ədəd xaricdə istehsal olunmuş müasir işıq dirəyi, 340 ədəd Almaniya istehsalı olan metal-kommunal örtük vasitələri - lyüklər və 14 min poqonmetr qranit səki daşları quraşdırılaraq istifadəyə verilib.
“Həmçinin metronun “Nizami” stansiyasının qarşısında fəvvarələr kompleksi və istirahət parkı salınmış, Bakı şəhərinin ilk azərbaycanlı baş memarı Zirvərbəy Əhmədbəyovun abidəsi ucaldılmışdır. Bu ilin sonuna qədər olan “Alov-büllur” fəvvarə kompleksi, Koroğlu abidəsi və istirahət parkları istifadəyə veriləcəkdir”.
Mer deyib ki, hazırda Bakı şəhəri üzrə 37 ümumtəhsil məktəbində əsaslı təmir işlərinə başlanılıb. Bu işlər cari il sentyabrın 15-dək başa çatdırılacaq. 17 orta ümumtəhsil məktəbində isə yeni korpusların inşasına başlanılıb və ilin sonuna qədər başa çatdırılacaq. Bakı şəhərinin 57 uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilir. Həmin bağçalar ilin sonunadək müasir tələblər səviyyəsində istifadəyə veriləcək.
H.Abutalıbov deyib ki, Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə öz vəsaiti hesabına tikdirdiyi, fiziki cəhətdən köhnəlmiş “Qızlar məktəbi”nin binasında da artıq əsaslı təmir işləri aparılmaqdadır.
Hacıbala Abutalıbov gələn il Bakıda “Eurovision” mahnı yarışmasının yüksək səviyyədə təşkili üçün də əsaslı hazırlıq işlərinin aparıldığını vurğulayıb.
Modern.az