Modern.az

Azərbaycanın Ankaradakı səfiri Türkiyənin regionlarını gəzəcək

Azərbaycanın Ankaradakı səfiri Türkiyənin regionlarını gəzəcək

13 İyul 2011, 11:58

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin, eləcə də Türkiyənin regionları ilə ticarət və investisiya münasibətlərinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin və Samsun Ticarət və Sənaye Palatasının təşəbbüsü, AZPROMO və Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk-Azərbaycan Biznes Şurasının dəstəyi ilə cari ilin 14 iyul tarixində Türkiyənin Samsun şəhərində iş adamları ilə toplantının keçirilməsi planlaşdırılır.
Bu barədə Modern.az saytına Ankaradakı Səfirliyimizn mətbuat xidmətindən məlumat verilib.
“Qeyd etmək istərdik ki, Türkiyənin Qara dənizdəki ən böyük liman şəhəri olan Samsunda,  hazırda 5 sənaye zonası, 14 kiçik sənaye şəhərciyi fəaliyyət göstərməkdədir. İl ərzində 3 milyon tondan çox yükləmə-boşaltma fəaliyyəti həyata keçirilən Samsun limanı və digər özəl 3 liman, Türkiyə Dövlət Dəmir yollarına məxsus logistika mərkəzi şəhərin ticarət imkanlarını artırmaqdadır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi Türkiyənin müxtəlif regionlarına səfər çərçivəsində Samsun bölgəsindən başlayır”-deyə səfirlikdən bildirilib.

Qeyd edilib ki, Samsunun valisi Hüseyin Aksoy, Bələdiyyə başçısı Yusuf Ziya Yılmaz və Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Salih Zeki Murzioğlu ilə səfir Faiq Bağırovun görüşünün keçirilməsi də planlaşdırılıb.

Samsunlu iş adamları ilə görüş zamanı Azərbaycandakı investisiya mühiti, qanunvericilik, investisiya imkanları ilə bağlı təqdimat həyata keçiriləcək, ölkəmizin iqtisadiyyatını, turizmini, mətbəxini və mədəniyyətini, o cümlədən Dağlıq Qarabağ həqiqətlərini təbliğ edən tanıdıcı materiallar paylanacaq. Samsuna səfəri çərçivəsində səfir Faiq Bağırovun Samsundakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü nəzərdə tutulur.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı