“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük. Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır
Bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı həmçinin, qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İ. Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib.
Maraqlıdır, Azərbaycan Rusiyadan hansı yeni silahlar alacaq?
Bu barədə hərbi ekspert Azad İsazadə Modern.az-a açıqlama verib:
“Hansı yeni silahların alınacağını əvvəlcədən demək bir az çətindir. Aydındır ki, Rusiyadan ballistik raket, nüvə silahı ya da sualtı qayıqları alası deyilik. Söhbət zirehli texnikadan, hansısa raket artilleriya quruğularından, hərbi aviasiyadan gedir. Bildiyiniz kimi hazırda da Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir. Bu yaxınlarda da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib”.
Ekspert həmçinin qeyd edib ki, Rusiya ilə əməkdaşlıq fərqli istiqamətdə də ola bilər:
“Digər tərəfdən müəyyən texnologiyaların əldə edilməsini də istisna etmirəm. Azərbaycan hərbi zavodlar qurur, özümüz özümüzü hansısa silahlarla təmin etmək istəyirik. Bu baxımdan texnologiya istiqamətində, o cümlədən kəşfiyyat məlumatında da Rusiya ilə əməkdaşlıq davam edəcək. Lakin təkcə Rusiya ilə deyil, həmçinin Pakistan, İsrail, Türkiyə kimi ölkələrlə geniş hərbi əməkdaşlıq olub və olacaq”.