Qərb, xüsusilə də ABŞ ilə uzun siyasi polemikadan sonra Türkiyə nəhayət ki, bir neçə gün əvvəl Suriyanın şimal-qərb bölgəsindəki strateji nöqtə hesab olunan və Suriyadaki kürd hərbi birləşmələrin nəzarətində olan Afrinə qoşun yeritdi.
Hərbi əməliyyatların “Zeytun budağı” şərti adı altında həyata keçirilməsi bölgənin zeytun ağacları ilə zəngin olması ilə əlaqədar olduğu təxmin edilir.
Yanvarın 20-də axşam saatlarında “Zeytun budağı” əməliyyatları əvvəlcə Türkiyə hava qüvvələrinin öncədən təsbit edilmiş nöqtələri vurması ilə başladı, daha sonra isə Türkiyə quru qoşunları sərhədi keçərək Suriyaya daxil oldu.
Afrində həyata keçirilən əməliyyatda Azad Suriya ordusu da iştirak edir. Əməliyyatın planlanması, ümumi rəhbərliyi və koordinasiyası Türkiyə ordu rəhbərliyi tərəfindən həyata keçirilir. Artıq əməliyyatın 6 günü geridə qalıb və bu müddət ərzində Afrinin 22 kəndi Türkiyə ordusunun nəzarətinə keçib.
Verilən məlumatlara görə, Türkiyə ordusu əməliyyat başlayandan bu günə qədər 3 əsgərini itirib, 270 terroristi isə zərərsizləşdirib.
Cənub sərhədləri boyunca uzanan təhdid
Türkiyənin “Zeytun budağı” əməliyyatları ilə son iki ildə ikinci dəfə Suriyaya qoşun yeritməsi hər şeydən əvvəl rəsmi Ankaranın milli təhlükəsizliyinə qarşı hədə yaranması ilə bağlıdır.
Belə ki, Afrin bölgəsi 2012-ci ildə Əsəd ordusunun çəkilməsi ilə kürd hərbi birləşmələrinin nəzarətinə keçdi. Afrin, kürdlərin qruplaşmaları YPG/PYD tərəfindən muxtariyyətin elan edildiyi 3 kantondan (digərləri Kobani və Cəzirə) biridir.
Türkiyənin cənub sərhədləri boyu İraq və Suriyanın şimalında müstəqilliyə can atan YPG/PYD Ankara üçün hər zaman real təhlükə mənbəyidir.
İraqda mərkəzi hakimiyyətin hələ də zəif olması, Suriyada mərkəzi hakimiyyətin iflasa uğraması, həmçinin İsrailin açıq, ABŞ və bəzi Qərbi Avropa dövlətlərinin isə “gizli” olaraq YPG/PYD terror qruplarına dəstək verməsi ilə İraq və Suriyanın şimalında kürd dövlətinin yaradılması projesi Türkiyəni ciddi narahat edir.
Bu narahatçılıq YPG/PYD və PKK-nın Türkiyəyə qarşı ərazi iddialarında olmasıdır. Həmin qüvvələrin bu gün Suriya torpaqlarında yeni dövlət yaratması sabah Türkiyəyə qarşı da eyni iddialar irəli sürməsinə münbit şərait yaradır və bu qüvvələr indidən iddialarını açıq şəkildə ortaya qoyurlar.
Cənub sərhədləri boyu İraqın şərqindən (İran sərhədindən) Suriyanın qərbinə (Aralıq dənizinə) qədər uzanan müstəqil bir kürd dövlətinin yaradılması Türkiyənin milli maraqları ilə qəti şəkildə üs-tüstə düşmür. Ona görə də Türkiyə diplomatiyası və ordusu belə bir ehtimalın reallaşmasına qarşı səfərbər olmuş vəziyyətdədir və problemdən başqa çıxış yolu görünmür.
Bu mənada, hazırki “Zeytun budağı” əməliyyatlarını Türkiyənin 2016-cı ildə başladığı “Fərat qalxanı” əməliyyatının və Barzaninin müstəqillik referendumuna qarşı diplomatik, qeyri-diplomatik savaşının davamı olaraq dəyərləndirmək olar.
Cənub sərhədləri boyu bir kürd dövlətinin yaradılması ssenarisinə qarşı Türkiyənin ilk hərbi müdaxiləsi məhz “Fərat qalxanı” əməliyyatı olmuş və bu əməliyyat nəticəsində Kobani ilə Afrin kantonları arasındakı Əl-Bab, Azez və Cerablus bölgələri öz ordusunun nəzarətinə alıb.
Daha sonra İdlib bölgəsində də nərazəti ələ alan Türkiyə Afrin bölgəsini digər kürd kantonlarından ayırdı və Türkiyənin nəzarətində olan iki bölgə arasında anklava çevirdi.
Bununla kürd qruplaşmalarını Afrindən çıxmağa məcbur etmək istəyən Ankara ABŞ-ın Afrindəki kürd qruplarını dəstəkləməsi və ciddi miqdarda silah-sursatla təchiz etməsi ilə bu istəyi alt-üst edir.
Bu, ABŞ ilə Türkiyə arasında son illərdə soyuqlaşan münasibətləri daha da gərginləşdirir. Son olaraq ABŞ-ın YPG/PYD hərbi birləşmələrindən ibarət 30 minlik ordu qurmaq və bu ordunu Türkiyə ilə sərhədə yerləşdirmək niyyəti Türkiyə üçün bardağı daşıran son damla oldu. Regiondakı milli maraqlarına ABŞ tərəfindən hörmət edilməməsi Türkiyəni “Fərat qalxanı”ndan sonra növbəti – “Zeytun budağı” əməliyyatlarına başlamağa, belə demək mümkünsə, məcbur edir.
Ərdoğanın hədəfi
Türkiyə prezidentinin çıxışlarında sıx-sıx dilə gətirdiyi bir tələb var – Fərat çayının qərbində kürd hərbi birləşməsi qalmamalıdır. Ərdoğan İŞİD ilə mübarizə bitdikdən sonra kürd hərbi birləşmələrinin Fərat çayının şərqinə çəkiləcəkləri ilə bağlı ABŞ-ın söz verdiyini, lakin sözünü tutmadığını da tez-tez səsləndirir.
Əslində hazırda kürd birləşmələri Fərat çayının qərbində ancaq Afrin və Mənbiç bölgələrində mövcuddur.
Dolayısı ilə hadisələrin gedişindən onu proqnoz etmək olar ki, hazırkı əməliyyatın sərhədləri Afrin ilə məhdudlaşmayacaq, daha sonra Mənbiçə də keçəcək. Mənbiçi də əhatə edəcək əməliyyatın uğurla yekunlaşması isə sonda Suriyanın Aralıq dənizindən Fərat çayına qədər olan şimal ərazilərinin Türkiyənin nəzarəti altına keçməsi ilə nəticələnəcək ki, bu da Suriyada sabit mərkəzi hakimiyyət bərpa olunanadək cənub sərhədlərində Türkiyə üçün arzuedilməz bir ssenarinin önlənməsi deməkdir.
Türkiyə üçün bölgədə ən ciddi narahatlıqdan biri də ABŞ-ın dəstəyi ilə demoqrafik müdaxilələrin həyata keçirilməsi, Suriyanın şimalında yaşayan Bayır-bucaq türkmənlərinin və ərəblərin bölgədən qovularaq kürd əhalinin yerləşdirilməsidir. Bu, heç şübhə yoxdur ki, yaradılması nəzərdə tutulan kürd dövləti üçün demoqrafik əsasların lazım olan nöqtəyə gətirilməsi məqsədi daşıyır.
Yeri gəlmişkən, bu ssenari Qarabağ presidentindən Azərbaycan üçün hansı nəticələr verdiyi bizlərə də yaxşı məlumdur.
Nəticə olaraq...
“Zeytun budağı” əməliyyatı ilə Suriyanın şimalında qarşı-qarşıya gələn paytaxtlar, birbaşa olmasa da, dolayısı ilə Ankara və Vaşinqtondur. Ankaranın silahını tutanlar Türkiyə və Azad Suriya əsgərləri, Vaşinqtonun silahlarını tutanlar isə YPG/PYD/PKK peşmərgələridir. Bu qarşıdurmanın nəticəsi isə Suriyada bir çox qeyri-müəyyənlikləri aydınlaşdıracaq.
Bir gün öncə ABŞ tərəfinin təşəbbüsü ilə Tramp və Ərdoğan arasında telefon danışığı baş tutdu. Telefon danışığına dair ilk yazılı açıqlamanı Ağ Ev yaydı. Lakin dərhal Türkiyə Prezidentinin mətbuat xidməti Ağ Evin yaydığı açıqlamada müzakirə edilməyən məsələləri müzakirə edilmiş kimi göstərməkdə günahlandırdı.
Ən əsası isə odur ki, telefon danışığında ABŞ-ın bundan sonra YPG/PYD/PKK peşmərgələrinə silah-sursat göndərməyəcəyinin razılaşdırıldığı deyilir.
ABŞ-dan silah yardımı almayan YPG/PYD/PKK peşmərgələrinin NATO-nun ən güclü ikinci ordusu qarşısında nə qədər dayana biləcəyi sualı isə düşünürəm ki, retorik olardı.
Babək H. Ağayev, siyasi şərhçi