Dövlətarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsinin müzakirəsi bu dəfə də təxirə salınıb.
Bəzi KİV-lərin “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsinin Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planına daxil ediləcəyi barədə xəbəri parlamentdən təkzib olunub.
Modern.az-ın məlumatına görə, qanunun müzakirəsi artıq iki ildir ki, təxirə salınır.
Bildirilib ki, adı çəkilən qanun layihəsi Milli Məclisin 2018-ci ilin yaz sessiyasının işlər planına daxil edilməyib.
Qanun layihəsində Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Məlumat üçün bildirək ki, Milli Məclisin 2018-ci il yaz sesiyasının işlər planına "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunları, “Azərbaycan Respublikasında Dövlət daktkloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama palatası haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Kinemotoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri daxil edilib.