Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Avropa Tibb Assosiasiyaları Forumunun İdarə Heyətinin bir qrup üzvündən ibarət Nümayəndə heyətini qəbul edib.
Görüşün əsas mövzusu Avropa Tibb Assosiasiyalarının İllik Forumunun bu ilin mayında Bakıda keçirilməsi olmuşdur. Hazırda 50-dək ölkənin, o cümlədən, Azərbaycanın da Milli Tibb Assosiasiyası Avropa Tibb Assosiasiyaları Forumunun üzvüdür. Forumun sonuncu İllik Görüşü 2017–ci ildə İsrailin Tel-Əviv şəhərində keçirilmişdir. Forumun İdarə Heyəti tərəfindən növbəti 2018-ci il İllik Görüşün Azərbaycanda keçirilməsi təklifi irəli sürülmüş və qərar Forumun bütün üzvləri tərəfindən dəstəklənib.
Görüşün əvvəllində Əhliman Əmiraslanov son illər ərzində ölkəmizdə səhiyyənin inkişafı sahəsində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlər, Səhiyyə komitəsinin yaranması və fəaliyyəti barədə məlumat vermişdir. Daha sonra komitə sədri 31 May-1 İyun 2018–ci il tarixlərində Bakı şəhərində təşkili nəzərdə tutulmuşAvropa Tibb Assosiasiyaları Forumunun İllik görüşünün gündəliyində duran məsələlərin hər birinin: səhiyyədə qanunvericilik təşəbbüsləri, icbari tibbi sığorta, diplomdan sonrakı tibbi təhsil və davamlı tibbi təhsil, tibb müəssisələrinin akreditasiyası, ilkin səhiyyə xidməti və ailə təbabəti istiqamətlərinin Azərbaycan səhiyyəsi üçün çox vacib və aktual məsələlər olduğunu vurğulamışdır. Eyni zamanda, görüş zamanı bu əhəmiyyətli məsələlərin inkişaf etdirilərək, mükəmməl şəkildə tətbiq edilməsi üçün Avropa ölkələrinin zəngin təcrübəsinin ölkəmiz üçün vacibliyindən danışıldı.
Avropa Tibb Assosiasiyaları Forumunun nümayəndə heyətinin üzvlərinin hər biri (Professor Yoram Blachar, Leah Wapner, Michelle Glekin, dr.Vilnis Dzerve-Taluts , dr .Ramin Parsa-Parsi , dr. Zaza Khachiperadze) Forumun İllik Görüşünə bu il Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu bildirərək, öz ölkələrinin təcrübəsini və şəxsi biliklərini böyük həvəslə azərbaycanlı həmkarları ilə bölüşməkdən qürur duyduqlarını və bu mötəbər tədbirin Azəraycan üçün çox faydalı və səmərəli olacağına əminliklərini bildirdilər.
Görüşdə Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev və komitə üzvü Rəşad Mahmudov da iştirak edib.