Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Sarkisyan Qarabağa hətta "Ağ bağ" desə də, indiki halda Avropa ona "qaşı arasında bir güllə yeri var" deməyəcək
Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri, eyni zamanda qurumun vitse-prezidenti Səməd Seyidovun Ermənistan prezidentinin çıxışında onun dünya ictimaiyyətini aldatdığını - "Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsi barədə danışmadınız? Orada uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürüldü. Niyə etnik təmizləmə barədə danışmadınız? Hazırda siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı barədə danışıb. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz” deyə, reaksiya verməsi mediada geniş yer alsa da, amma nədənsə Sarkisyanın Səmədova verdiyi cavabı demək olar ki, görmədik.
Əslində, hələ Ermənistanın müdafiə naziri olarkən Britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsində - "Azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik və heç vaxt mülki əhaliyə əl qaldırmarıq. Amma Xocalıdakı əməliyyatdan sonra başa düşdülər ki, biz kifayət qədər ciddiyik" deyən Sarkisyandan hansısa məntiqəuyğun cavab gözləmək yersiz olardı. Amma necə olmasa bütün dünyadan doğru-dürüstlüyü tələb edən Avropanın qucağında bir az özünü yığışdırıb doğru olanı deyə bilməsən də, onda heç olmasa gərək ən azından bir az utanıb susasan. Hərçənd gah Rusiyaya, gah da Avropaya yan verə-verə "yaşayan" Sarkisyan siyasət aləmində dünya "şöhrətli" Kardaşyandan heç də geri qalmır. Ona görə Sarkisyanda utanc hissinin olmadığına təəccüblənməyə ehtiyac qalmır.
Baxın, Sarkisyan Seyidova cavabında onun sözlərini yanlış şərh etməməyi bildirərək, həyasızcasına - "Mən hərbi lider deyil, Qarabağın haqq uğrunda ədalətli mübarizəsinin iştirakçısı olmuşam" - deyir. Sərsəm fikirlərini davam etdirən Ermənistan başçısı utanmadan - "Siz mümkün olmayanı istəyirsiniz. Siz Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq istəyirsiniz. Azərbaycanda o qədər antierməni ritorika yayılıb ki, siz açıq şəkildə bəyan edirsiniz: sizə ermənilərsiz Qarabağ lazımdır. Bu mümkün deyil. Bu heç vaxt olmayacaq. Qarabağ xalqının mübarizəsinin mahiyyəti çox aydındır - bu, azadlıq uğrunda mübarizə, müqəddəratını təyinetmədir və belə mübarizə müsbət sonluqla bitməyə bilməz" deməklə, özünü siyasət aləminin Kardaşyanı olduğunu açıq şəkildə hamıya sübut edir.
Görünür avropalı deputatların Sarkisyanın bu həyasız çıxışına göz yummaları ötən il Rusiyanın yarıqısqanc, yarırazılığı ilə Avropa Birliyi arasında "Şərq Tərəfdaşlığı" sammitində Avrasiya İttifaqına üzv olan Ermənistanın rəsmi Brüsellə əməkdaşlığın genişləndirməsi məqsədilə çərçivə sazişinə imza atması ilə bağlıdır. Çünki istər Qərb, istər ABŞ, istərsə də Avropa Ermənistanı Rusiyanın qucağından alıb öz qucaqlarına salmaq istəyirlər. Sözsüz ki, bu, geosiyasi maraqlardan irəli gələn "sevgidir".
Bu üzdən də Sarkisyan Qarabağa hətta "Ağ bağ" desə də, indiki halda Avropa ona "qaşı arasında bir güllə yeri var" deməyəcək.
Amma digər tərəfdən də həmin sammitin yekun bəyənnaməsində "Şərq Tərəfdaşlığı" proqramına üzv olan ölkələrin ərazi bütövlüklərinin, müstəqilliklərinin və suverenliklərinin dəstəklənməsi faktı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində hüquqi müstəvidə Azərbaycanın mövqelərini dəstəkləyir və Ermənistanın Helsinki Yekun Aktının prinsipləri ilə "oynaşmağa" imkan vermir. Bu arada elə Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən Avropanın firma və şirkətlərinə qarşı həyat keçiriləcək qadağaların bəyannamədə öz əksini tapması da separatçı quruma və Ermənistanın özünə vurulan ən ağır zərbədir.
Buna baxmayaraq ermənilər qucaqdan-qucağa atılaraq ən azı öz istəklərinə, yəni Dağlıq Qarabağın mövcud durumda qalmasına hələ ki nail ola bilirlər. Əlbəttə Azərbaycan tərəfi onlara "kiş deməkdən" yorularaq bir dəfə kötəkləmək qərarına gəlsə də, təəssüf ki, hayları darıdan qovub çıxarmağa imkan vermədilər.
Məgər 2016-cı ilin "Aprel gülüşündən" ağlayaraq çıxan Sarkisyana Rusiya "əl tutaraq" Ermənistanla "Vahid Ordu" birləşməsi yaratmadımı, "İsgəndər - M" raket kompleksini Gümrüdə yerləşdirmədimi, üstəlik Serjikə 200 milyon dollar kredit adı ilə cib xərcliyi verib onun öz haylarının hay-həşirinə son qoymasını təmin etmədimi?
Bir sözlə, Sarkisyanın 24 yanvarda Avropa Şurası Parlament Asambleyasındakı məlum çıxışı onun Dağlıq Qarabağı öz xoşu ilə qaytaracağına heç bir inam yaratmır. Artıq Ermənistanda baş nazirin idarə etdiyi dövlət idarə üsuluna keçməyə hazırlaşan haylar prezident seçkilərini 9 mart, baş nazir seçimini isə 9 aprelə qədər bitirəcəklər. Sarkisyanın yeni idarəçilik sistemində prezident olmayacağı da dəqiqləşib. İndi o, daha çox özünü Ermənistan hökumətinin başında görür.
Əslində Dağlıq Qarabağla bağlı bir çox gizlinlərin Sarkisyan erməni hökumətinin başı olanda üzə çıxacağını güman etmək daha doğru olar. Çünki parlament hökumətinin ayrı-ayrı partiya üzvləri öz partiya maraqları çərçivəsində parıldayanda ilk növbədə Sarkisyanın qara-qura işləri ilə yanaşı, Dağlıq Qarabağın da qaralmış bağlarına işıq düşəcəyini güman etmək olar.
Sonda onu da deyək ki, Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda çıxışı zamanı Rusiyadan yeni hərbi texnikalar alınacaq və bütün bunlar sonda Ermənistanın Azərbaycan qarşısında zəif düşəcək deməsi, dolayısı ilə bütün dünyaya açıq bir mesajdır. Yəni Azərbaycan öz torpaqlarını hərb yolu ilə olsa da azad edəcək.