“Teleqüllə yaxınlığında, Bayıl yamacı adlanan əraizdə dekabr ayından başlayan sürüşmə prosesinin aktivliyi artacaq”.
Bunu ekoloq Telman Zeynalov Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, hazırki hava durumu ilə əlaqədar ərazidə vəziyyət kritikdir:
“Çünki əmələ gələn çatlar vasitəsilə yağış suları aşağıya süzüləcək, həmin sular torpağın bir qatını daha da yumuşaldaraq sürüşkən edəcək.
Əgər əvvəlcədən müvəqqəti yağıntıların müddəti ilə əlaqəli məlumat verilsə, bu istiqamətdə mütləq tədbirlər görülməlidir. Belə ki, beton vasitəsilə ana süxurları birləşdirmək lazımdır. Başqa yolu yoxdur. Yaxud vaxtından tez həmin ərazini şumlayıb yaşıllıqlar əkmək olar. Bu zaman ərazi bir-iki il dözə bilər. Ümumilikdə isə tədbir görmək qeyri-mümkündür”.
Qeyd edək ki, son bir neçə gündə çatlar yamacın yuxarı hissəsindən başlayaraq aşağı doğru davam edib, sərt yamacda şaxələnərək bir neçə yerə bölünüb.Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.Yamacın aşağı hissəsində yerləşən tikililərə ciddi ziyan dəyib. Evlərin divarlarında böyük çatlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, həmin ərazidə bundan öncə istinad divarları hörülsə də sürüşmənin aktivliyi nəticəsində divar 20-ə yaxın yerdən çatlayıb. Havaların kəskin dəyişməsi isə sürüşmənin dinamikasını artırıb. İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyası ərazidə monitorinq aparır və prossesin dinamikası nəzarətə götürülüb.