Azərbaycanda perspektivli, bacarıqlı startaplar olsa da,bu sahə ölkəmizdə kifayət qədər inkişaf etməyib. Hələ ki, startapların layihələrini uğurlu şəkildə həyata keçirmələri üçün lazım olan səviyyədə mərkəzlərə rast gələ bilmirik. Bu da istedadlı gənclərimizi üzə çıxarmağa,tanıtmağa imkan vermir.
Milli Məclis tərəfindən bu istiqamətdə yeni bir qanun layihəsi hazırlanmaqdadır.
Bəs startapların üzləşdikləri ən əsas çətinliklər hansılardır?
OTV kanalının rəhbəri Vaqif Hüseynov Modern.az-a açıqlamasında bildirdi ki, bu sektor Azərbaycanda bir çox çatışmazlıqlara malikdir: “Ancaq yavaş-yavaş əvvəlkinə nisbətən vəziyyət yaxşılaşıb. Əsas problemlərdən birincisi budur ki,gənclərin layihələrini qarşılıqsız və təmənnasız təmin edən mərkəzlər çox azdır. Bu mərkəzlər gəncləri maddi texniki avdanlıqlarla təmin etməlidir. Bundan başqa ikinci çətinlik komanda ilə bağlı olur. Tutaq ki,bir gəncin yeni bir ideyası var, amma o təklikdə bunu reallaşdırmaq iqtidarında deyil.Və buna görə də ona bəlli bir komanda lazımdır. Azərbaycanda adətən belə olur ki, insanlar komandasını dost-tanışlardan təşkil etməyə çalışırlar ki, bu əslində səhvdir”.
Vaqif Hüseynov qeyd etdi ki, sözügedən mərkəzlərdə onlara lazım olan dizaynerlər, menecmentlər və başqa ixtisasa malik olan perspektivli şəxslər ola bilər: “Onlar həmin komandalara cəlb olunmalıdırlar. Ancaq təəssüflər olsun ki, Azərbaycanda dediyim kimi,dost-tanış məsələsi daha qabarıq özünü göstərir. Ancaq daha peşəkar kadrlarla işləmək, onlarla əməkdaşlıq etmək daha uğurlu nəticələr verər”.
Vaqif Hüseynov bildirdi ki, daha bir çətinlik hər hansı bir formada ideyanın real bir məhsula, real bir xidmətə çevrilməsi anıdır:
“Burada satışın reallaşması üçün ilkin mərhələdə təlimçilərə ehtiyac var. Belə ki, hər hansısa bir ideya var, amma onu reallaşdırmaq üçün ideya sahibinin heç bir təcrübəsi yoxdur, sahibkar deyil. Onda o, kor-koranə bu işə başlasa onu üçün nəticəsi fiasko ola bilər. Buna görə fərqli sahələr üzrə müəyyən təlimçilər olmalıdır.Biri məhsulun satışının reallaşması üçün ona kömək etməlidir,digəri şirkətləşmə mərhləsində ona kömək etməlidir. Məhsulu necə bazara çıxarmaq olar, investor necə cəlb etmək olar-bunların hamısının reallaşması üçün təlimçiyə ehtiyac var.
Vaqif Hüseynovun sözlərinə görə, ideya və layihə sahibi ilə əvvəlcədən razılaşmalar əldə edilir. Belə ki, mərkəzlə həmin gənc arasında razılıq əldə olunur ki, gənci müəyyən bir həddə qədər gətirib çıxaracaqlar. Və həmin mərkəz məhsuldan əldə edilən gəlirdən müəyyən pay sahibi olur:
“Artıq buradakı məsələlər hüquqşünas, vəkillərin tapılması, müqavilələrin formalaşması, hesabatların verilməsi, vergilər və sair kimi çətinliklər yaranır. Bəzi xarici ölkələrdə startaplar yeni yaranan bir qurum olduğu üçün uzun müddət vergidən və bu kimi qurumlardan azad olurlar. Bu da onların sürətli inkişafını təmin edir. Amma təəssüf ki, bu günə kimi Azərbaycanda bununla bağlı qərar yox idi. Amma artıq Milli Məclisdə bununla bağlı yeni bir qərar hazırlanır. Azad İqtisadi Zonanın formalaşdırılmasına cəhd, gömrük məsələlərinin sadələşdirilməsi və başqa məsələləri qeyd edə bilərəm. Və düşünürəm ki, 2018-ci il üçün hər hansı həlledici qərarlar qəbul olunacaq”.
Ikeebon - Xərcim.az, Kvotter layihəsinin həmtəsisçisi Orxan Əhmədov qeyd etdi ki, startapçılar müxtəlif çətinliklərlə üzləşirlər:
“Komanda hər zaman yaxşı olmaya bilər, ideyanı əhali qəbul etməz və ya investor və investisiya azlığı və ya olmaması problem olur. Təhsil normaldır, amma əsas dərs mövzusu bazarda tələb olunan biliklərə uyğun deyil. Məsələn hal-hazırda artırılmış reallıq, virtual reallıq və sair mövzularda texniki biliklərə sahib olan adamlar lazım olduğu halda, bunları bilən ya yoxdur, ya da özü üçün kənardan öyrənənlərdir”.
Events.az saytının rəhbəri Samir Həbibli bildirdi ki, startatpçının təcrübəli olması şərt deyil əsas məsələ startapın potensial uğurlu olmasıdır:
“Bu məsələdə birmənalı uğursuzluqdan bəhs etmək olmaz. Biznes inkişafına təsir edən çox faktor var. Yəni texnologiya sahəsində olması o demək deyil ki, bunun bir düsturu var və hamı onunla hərəkət edəcək. Hər biznesdə olduğu kimi biznes təcrübəsi, işin potensialı, keyfiyyətli resursun tapılması biləvasitə resursun düzgün istifadə olunmasıdır”.