Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, süd və süd məhsulları 231,3 kq təşkil edir. Azərbaycanda südə olan illik tələbat 3.45 mln ton, istehsal isə 1.7 mln tondur. MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını (ildə adambaşına 703 litr süd ) tam ödəyir, təxminən bir o qədər də məhsul ixrac edir. Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə üçüncü yerdə qərarlaşıb.
Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da, qonşu Ermənistan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycanda 193 litr, Ermənistanda 208 litrdir.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev Modern.az-a deyib ki, Azərbaycanda südün idxaldan asılılığı 12 faiz təşkil edir.
Nazirlik rəsmisi qeyd edib ki, ölkənin idxal süddən asılılığının tamamilə aradan qaldırılması istiqamətində işlər aparılır:
“Hazırda dövlət proqramına uyğun işlər gedir. İstehlak səbətinə uyğun süd istehsal edilməsi üçün saxlanılan heyvanların məhsuldarlığının artırılması planlaşdırılır. Eyni zamanda, yüksək məhsuldar heyvanların sayının artırılması nəzərdə tutulub”.
Q.Abduləliyev bildirib ki, istehlakçıların tələbatına uyğun olaraq, kərə yağının istehsalının artırılması da nəzərdə tutulub:
“Süd başlanğıc xammaldır. Xam süd əldə edəndən sonra ondan istənilən şəkildə istifadə etmək mümkündür”.
Şöbə müdirinin sözlərinə görə, ən çox süd istehsalı Aran iqtisadi rayonundadır.