Modern.az

Elektron ticarətin reallıqları və perspektivləri…

Elektron ticarətin reallıqları və perspektivləri…

Aktual

30 Yanvar 2018, 16:07

Dünya XXI əsrdə informasiya texnologiyalarının inkişafı ilə xeyli dəyişib. Bu dəyişmənin ən parlaq göstəricisi elektron ticarətin inkişaf etməsidir. 

Türkiyə mətbuatı yazır ki, mütəxəssis hesablamalarına görə 7,3 milyardlıq dünya əhalisinin 3,4  milyardı internetə bağlanır. İnternetə bağlanan  qrup içərsində 2,3 milyardlıq kəsimi sosial mediadan aktiv istifadə edir. 3,8 milyard mobil telefon istifadə edən insandan 2 milyardı sosial medianı mobil cihazlar üzərindən təqib edir. Onlayn ticarət dövriyyəsi 2016-cı ildə 2 trilyon dollar olmuş, 2018-ci ildə isə qlobal e-ticarət həcmi 2,5 trilyon dollar səviyyəsinə, 2020-ci ildə 4 trilyon dollara çatacağı gözlənilir. Mobil e-ticarət masaüstü e-ticarətlə sıx bir rəqabət içərisində yer alır.

 

Qlobal iqtisadi böhranlara rəğmən elektron ticarətin dövriyyəsinin getdikcə artması bu sahibkarlıq fəaliyyətinin səmərəli və dayanıqlı olduğunu göstərdi. Hətta bəzi analitiklər bildirir ki, böhran onlayn-ticarətin inkişaf etməsində  bir katalizator oldu. Bu fikirlə razılaşmaq olar - bir tərəfdən istehlakçılar özü üçün sərfəli olan alış-veriş axtarır, digər tərəfdən isə şirkətlər  minimal kapital xərcləri ilə çox sayda alıcıları asanlıqla və tez cəlb edə bilir. İndi demək olar ki, elektron ticarətin erası başlayıb. “Elektron ticarət” bütün dünya dövlətlərinin iqtisadiyyatının dinamik inkişaf edən bir sahəsidir. Ənənəvi ticarətdən fərqli olaraq “elektron ticarət” yeni iqtisadiyyatın, elektron vasitələrdən, o cümlədən, internet vasitəsilə əmtəə və xidmətlərlə ticarət formasını təşkil edir.

 

E-ticarət beynəlxalq hüquq normalarına əsaslanır. BMT-də “UNCTRAL” adlanan Beynəlxalq ticarət hüququ üzrə komissiya fəaliyyət göstərir. 1996-cı ildə BMT Elektron ticarətin beynəlxalq  miqyasda etibarlı hüquqi bazasının yaradılması haqqında model qanununu təsdiq edib. Elektron ticarət haqqında model qanun elektron kontraktların tanınmasının hüquqi norma və qaydalarını müəyyənləşdirir. Azərbaycanda «Elektron ticarət haqqında» Qanun 2005-ci ildə qəbul edilib. 2008-ci il dekabrın 2-də «SilverKey Azərbaycan» şirkəti ilk dəfə olaraq «VISA» və «MasterCard» vasitəsilə xüsusi lisenziya alıb və bundan sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb. “Elektron hökumət” Dövlət Proqramının prioritetlərindən biri məhz elektron ticarətin inkişaf etdirilməsidir. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə lisenziya almalıdır. Elektron ticarət fəaliyyəti üçün zaman və məkan məhdudiyyəti yoxdur, hər bir şəxs istədiyi vaxtda mobil telefonla belə əməliyyatlar həyata keçirə bilir. Biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları  mövcuddur. Bunlara «Elektron sənəd, elektron imza haqqında», «Elektron ticarət haqqında» qanunlar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəalar daxildir. Xarici və daxili onlayn ticarət təcrübəsi öyrənilərək 2016-cı ildə “Elektron ticarət haqqında” Qanuna əlavə və dəyişiklilər edilib. Milli Məclisdə müzakirələrdə vurğulandı ki, müasir dünyada ticarətin formasının biri elektron ticarətdir, bütün dünya buna daha çox üstünlük verir  və bu ticari fəaliyyətdə vergidən yayınma hallarının qarşısı alınmalıdır. Elektron ticarərtlə bağlı 2016-cı il dekabr ayında Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edildi, elektron ticarətin vergiyə cəlb olunmasına qərar verildi.

 

Nə üçün şirkətlər elektron ticarətə üstünlük verirlər?  

 

İqtisadçı alim Tahir Şükürov bildirir ki, bunun minimum iki səbəbi vardır. Birincisi, bu gün informasiya texnologiyaları və ümumiyyətlə elektron ticarət işgüzar aktivliyin aparılmasının əsas vasitəsinə çevrilirlər. İkincisi, elektron ticarət, həmçinin biznesin təşkilində əsaslı, struktur, əməliyyat və idarəetmə dəyişikliklərinin baş verməsinə zəmin yaradır. Dünyada kompyuterlərin 80%-dən artığı müxtəlif informasiya-hesablama şəbəkələrinə qoşulub. İnternet nadir marketinq xüsusiyyətlərinə malik hipermediya mühitinin kompyuterlər vasitəsilə ilkin realizəsidir. İnternet geniş şaxəli kommunikasiya vasitəsi, heç bir ərazi və ya zaman məhdudiyyətləri olmayan qlobal virtual elektron bazar kimi çıxış edən qeyri-mərkəzləşdirilmiş auditoriyası daim genişlənən ierarxiya şəbəkəsidir. Azərbaycanda elektron ticarət dövriyyəsi ABŞ, Avropa, Rusiya ilə müqayisədə o qədər də yüksək olmasa da bu sahədə xeyli irəliləyişlər müşahidə edilir. Bu insanın həyat şəraitinə, arzu və istəyinə, psixologiyasına dayanan məsələlərdən də asılıdır. İnsan var ki, görmədən, toxunub hiss etmədən nəyisə almağı sevmir. İnsan var satıcının diqqətsiz münasibətindən və ya əksinə, malı hər vəclə aldırmağa cəhd göstərməsindən xoşlanmır. İnsan var, vaxta qənaət edir, harasa getmədən günün 7/24 saatında istədiyi vaxt onlayn-ticarətdən zövq alır, insan var, nəyisə almaq üçün gəzib-dolaşmaqdan zövq alır. Baxışlar hər nə qədər müxtəlif olsa da gerçəkdən onlayn-ticarət zamanın tələbidir.Ticarətin önəmli vəzifələrindən biri ölkənin pul dövriyyəsinin möhkəmləndirilməsidir. Ölkə boyunca nağdsız ödəmə avadanlıqlarının- bankomatların, POS-terminalların sayı çoxalır, nağdsız hesablaşmaların həcmi artır. 2013-cü ildən banklar bolkart, albalı kart, vorlkart və sair endirimli kredit kartları vasitəsilə müştərilərə ucuz qiymətə məhsul alıb, hissə-hissə ödəmək imkanı yaradıblar. Bunun nəticəsində ölkədə nağdsız ödənişlərin həcmi nəzərəçarpacaq dərəcədə artır. Bir sıra banklarda ticarət qurumları ilə intensiv elektron əməliyyatlar aparan, internet vasitəsilə ödənişləri həyata keçirən müştərilərə faiz güzəşt tətbiq olunur. Onlayn-ticarətdə vaxta, pula, sağlamlıq baxımından enerjiyə qənaət edilir. Həm nəqliyyatla gediş-gəlişə, əlavə məsrəflərə xərc çıxmır, həm də nəqliyyatın yüklənməsi, avtomobil nəqliyyatından istifadə nəticəsində ətraf mühitin çirklənmə dərəcəsi müyyən qədər azalır. Adətən adamlar bu və ya digər malın təxmini qiymət diapazonunu bilirlər. Axtardığı mala rast gələndə qiyməti həmin diapazona  uyğundursa, tərəddüd etmədən alırlar. 

 

Araşdırmalar onu göstərir ki, mövzu ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var.QNET Asiyanın birbaşa və elektron satış üzrə nəhəng məşhur şirkətlərdən biri hesab olunur. QNET şirkəti BMT- United Nations Global Compact, UNGC)  qlobal müqavilə iştirakçısıdır. Bu statusla yanaşı xeyriyyəçi adını qazanıb, bir çox nominasiyalarda mükafatlara layiq görülüb. QNET uzun illərdir əməkdaşlıq etdiyi “Mançester Siti” Futbol Klubunun 2020-ci ilə qədər rəsmi birbaşa satış tərəfdaşıdır.


Səidə Hüseynova
S"Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru
"Media və Təhsil İnnovasiyaları Mərkəzi" İctimai Birliyinin sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU