Modern.az

Qənirə Paşayeva 13 yaşlı qızın məsələsini beynəlxalq təşkilatların qarşısında qaldıracaq

Qənirə Paşayeva 13 yaşlı qızın məsələsini beynəlxalq təşkilatların qarşısında qaldıracaq

15 İyul 2011, 13:05

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində həyatını itirmiş 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı və anası 32 yaşlı Şahmalıyeva Elnarə Məmmədtağı qızının ağır xəsarət alaraq yaralanması ilə nəticələn məsələnin Avropa Şurası Parlament Assambleyası daxil olmaqla, bütün beynəlxalq təşkilatların qarşısında qaldırılacağını deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycanın rəsmi qurumları ilə yanaşı, diaspor və qeyri-hökumət təşkilatları da bu vandalizm aktını beynəlxalq ictimaiyyətin diqqətinə geniş şəkildə çatdırmalıdırlar.

Qeyd edək ki, dünən Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılan partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağının partlaması nəticəsində 13 yaşlı uşaq faciəli şəkildə həyatını itirmiş, anası isə ağır xəsarət alaraq yaralanıb.

Millət vəkili vurğulayıb ki, bu, Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyil. Bir neçə il bundan əvvəl həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Bundan əlavə, bu il mart ayının 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonunn Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirilib. Bu dəfəki hadisə isə Ermənistanın günahsız körpələrin, azyaşlı uşaqların qətlə yetiriliməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsidir.

Q.Paşayeva vurğulayıb ki, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına qarşı heç bir tədbir görməməsi, laqeyd münasibət göstərməsinin nəticəsidir ki, Ermənistan bütün dünyanın gözü qarşısında bu cür insanlıq əleyhinə vandalizm aktlarını törətməkdə davam edir. Millət vəkili vurğulayıb ki, münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisəni kəskin pisləməli, bu hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməli, bu kimi vandalizm aktların yenidən təkrarlanmasının qarşısını almaq məqsədilə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq etməlidirlər. Əks halda, bütün bunlar onsuz da gərgin olan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq və bu zaman yarana biləcək vəziyyətə görə məsuliyyət ATƏT-in Minsk qrupu həmsədrləri və digər beynəlxalq təşkilatların üzərinə düşəcək.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı