Modern.az

Rəsulzadənin o qədər çoxşaxəli fəaliyyəti və xidmətləri var ki...

Rəsulzadənin o qədər çoxşaxəli fəaliyyəti və xidmətləri var ki...

31 Yanvar 2018, 17:50

Anar TURAN,
Tədqiqatçı-jurnalist

               
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində müstəsna addımlar atmış, bir sıra ilklərə imza qoyan şəxsiyyətdir. Onun şəxsiyyət portretini incələyəndə sözün doğrusu çaş-baş qalmaya bilmirsən. Çünki o qədər çoxşaxəli fəaliyəti və xidmətləri var ki, bunları ensiklopedik şəkildə təqdim etməyə ehtiyac duyulur. O siyasətçi, ictimai xadim,  jurnalist, redaktor, partiya sədri, tədqiqatçı kimi ayrı-ayrılıqda hər zaman araşdırılmağa layiq şəxsiyyətdir.

XX əsrin əvvəllərinin ən gərgin ictimai-siyasi təlatümləri, ölüm-qalım dilemmmasının olduğu bir məqamda siyasi cəhətdən olduqca ayıq, milli heysiyyat baxımından güzəştə getməyən, prinsipial, ictimai baxımdan tribun, kütləni arxasınca apara bilən, ziyalılıq ölçüləri baxımından ən mütərəqqi fikirlərə, sağlam xasiyyətə və əxlaqa sahib M.Ə. Rəsulzadə şəxsiyyəti ilə qarşılaşırıq.  Hansı ki, bu şəxsiyyətin Avropanın paytaxt şəhərlərində başa vurulmuş təhsili yox idi. Lakin genetik ötürülmüş istedad , fitri zəkadərin mütaliə, möhtəşəm təhlil qabiliyyəti və əlaqələndirmə bacarığı, milli və mənəvi dəyərlərə hədsiz bağlılıq onu məhz özündən yaşca böyük olan ən səviyyəli ziyalılarımızın rəhbəri səviyyəsinə yüksəltdi.
Məhımməd Əmin Rəsulzadə gizli səsvermə ilə Milli Şuranın sədri seçilib. Bu şura Azərbaycanın ən taleyüklü məsələlərinin həllində ən mühüm orqan olub və ilk hökumətin, parlamentin, milli ordunun, dövlət atributlarının və demokratik mühitin yaradılması, soyqırımına məruz qalan xalqımızın xilası üçün türk qoşunlarının gətirilməsi missiyasını öz üzərinə götürüb.

Rəsulzadə qısa amma tariximizdə misilsiz yer tutan Xalq Cümhuriyyəti parlamentində ən böyük partiyanın, fraksiyanın rəhbəri oldu. Təsadüfi deyildi ki, tarixi parlamentimizin ilk iclasını da M.Ə.Rəsulzadə "Şurayi-Milli rəisi" kimi açmışdı. O da təsadüfi deyil ki, tarixi sənədlərdə M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı olduğunun tarixi-hüquqi əsasları verilir.

1920-ci ildə cümhuriyyəti hərbi yolla qəsb etmiş sovet-bolşevik üsul-idarəsi öz mətbu orqanları vasitəsilə ən çox ona qarşı təbliğat apardılar. Dəfələrlə haqqında təhqiramiz replikalar yazıldı, Yazıçılar Birliyinin məşhur kommunist üzvləri şeirlərində onu aşağılamağa çalışdılar.  Ailəsi və qohumları ən ağır şəkildə repressiya olundu. Oğlu güllələndi. Amma o, getdiyi yoldan zərrə qədər geri çəkilmədi. Mühacirət tariximizin ən şanlı səhifələrini yazdı və hər addımında müstəqil Azərbaycan ideyasını yaşatdı.

Və axırda özünün “quruluşlar gəldi-gedərdi, ideyalar daimidir” fikri dediyi kimi də oldu. Cümhuriyyətimizi qəsb edənlər tarix səhnəsindən silindilər, amma Rəsulzadə qaldı.

İndi cümhuriyyətin hər bir fədaisini, o cümlədən Rəsulzadəni öyrənmək, qiymətləndirmək, təbliğ etmək hüququmuz öz əlimizdədir. Onun uğrunda həyatını şam kimi yandırdığı Azərbaycan artıq 27 ildir ki, müstəqilliyinə qovuşub və 100 illiyini dövlət səviyyəsində qeyd etməyə hazırlaşır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi