Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
M.Ə.Rəsulzadə 1884-cü il 31 yanvarda Bakının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, tarixdə qalan bu cür insanlar hər zaman yada salınmalıdır.
“Azərbaycan tarixində Azərbaycançılığın yaşaması və inkişafında xidməti olan hər bir kəs xatırlanmalı və yada salınmalıdır. Bununla bağlı mətbuatda yazılar getməlidir. Bu mənada Azərbaycan cəmiyyətində artıq xoş bir ənənə yaranıb. Tariximizin tanınmış şəxslərinin yubileyləri yaxud da hər hansı hadisə ilə bağlı mətbuatda yazılar gedir. Bu gün 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında xidməti olan şəxslərdən biri Məhəmməd Əmin Rəsulzadənin ad günüdür. O, həmin dövrdə digər vətənpərvər insanlarla birlikdə “İstiqlal Bəyannaməsi”ni imzalayıb.
Sonradan respublikanın ayağa durmasında yaxından iştirak edib. Həmin dövr Rəsulzadə dövlət postları tutmasa da parlament dövründə fəal iştirak edib. Sonradan Cümhuriyyətə xarici müdaxilə nəticəsində öz fəaliyyətini başa vurduqdan müəyyən dövr sonra Azərbaycanı tərk edib. Xaricdə müstəqil Azərbaycançılıqla bağlı fəaliyyətdə olub. Məhəmməd Əmin Rəsulzadənin adı bü gun AXC-nin yaranmasında onun tarixin şanlı səhifəsində böyük xidmətləri olan Əlimərdan bəy Topşubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və digər dəyərli şəxslərlə yanaşı onun da adı bu gün hörmətlə xatırlanır”
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da saytımıza açıqlamasında deyib ki, bu cür insanları hər zaman yad etməliyik.
“Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin yaradıcılarından biridir. O müsəlman şərqində ilk demokratik respublikanın əsasını qoyub. Bu gün onun doğum günüdür. Biz həmişə tarixi şəxsiyyətlərimizlə qürur duymuşuq. Onları hər zaman yad etmişik və edəcəyik. Bu, bizim vətəndaşlıq borcumuzdur.
İstər iqtidar, istərsə də müxalifət səviyyəsində bu cür tarixi şəxsiyyətləri yad etməliyik. Bu cür insanlar unudulmur. Xalq öz tarixi şəxsiyyətlərini həmişə yad edir və hörmətlə xatırlayır. Mətbuat da bunu daima diqqətdə saxlamalıdır”