Modern.az

Zoologiya İnstitutunun direktoru: Nə ANS binanı boşalda bilir, nə də biz”  

Zoologiya İnstitutunun direktoru: “Nə ANS binanı boşalda bilir, nə də biz”   

1 Fevral 2018, 11:42

"ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin  iclasında deyib.


Lakin ANS Şirkətlər Qrupunun müşaviri Mais Məmmədov yayılan məlumatları təkzib edib. O deyib ki, il yarımdan artıqdır, institut binasının ANS-in əmlakı yerləşən hissəsi hüquq-mühafizə orqanlarının qıfılı və möhürü arxasındadır:

“Bizim ora girişimiz mümkün deyil. Son dəfə  Baş Prokurorluq və DİN əməkdaşlarının ciddi müşayiəti altında, təxminən, 10 ay əvvəl ora xadimələr buraxılıb. Bu sonuncu dəfə olub. Ona görə də institutun binasını boşaltmağa başlamağımız barədə məlumatlar ən azı təəccüb doğurur. Qapıları açsalar, içəri buraxsalar, əlbəttə, hər şeyimizi ordan çıxarardıq”.

Maraqlıdır, əslində vəziyyət necədir? ANS doğurdanmı Zoologiya İnstitunun binasını boşaltmağa başlayıb?

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az saytına açıqlama verib. ANS-in binanı boşaltma məsələsi həqiqətə uyğun deyil:

“Bilirsiniz, həqiqət həmişə ortada olur. ANS binanı boşaltmır, heç bunu edə də bilməz. Çünki orada  möhürlənmiş otaqlar var və onlara da polis nəzarət edir. Nə ANS binanı boşalda bilir, nə də biz.  Həmçinin digər otaqlar var ki, orada da ANS-in əmlakları mövcuddur. Həmin otaqlara da nə onlar girə bilir, nə biz”.

Qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi