Modern.az

“Ömür borc verilmiş pul kimidir” - Zahid Oruc üçün ÖZƏL GÜN

“Ömür borc verilmiş pul kimidir” - Zahid Oruc üçün ÖZƏL GÜN

1 Fevral 2018, 11:47

Bu gün deputat Zahid Oruc üçün özəl gündür. 17 ildir deputat mandatı daşıyan Z.Oruc 1972-ci ilin bu günü Gədəbəyin Əliismayıllı kəndində dünyaya göz açıb.

Özəl günü xüsusi təmtəraqdan uzaq qeyd edən 46 yaşlı deputat ad günü təəssüratlarını Modern.az-la bölüşüb.

“Pafosdan uzaq söyləyim ki, siyasi fəaliyyət aparan, mühüm hakimiyyət qolunda təmsil olunan biri üçün vurulan zənglər, yazılan mesajlar ən böyük mükafatdır. Əks halda, yaşamağa dəyməz. Ad günümü xüsusi təmtəraqla, ayrıca məkanda qeyd etməyi sevmirəm. Hər zaman son dərəcə sadə, qohumların, doğmaların əhatəsində qeyd etmişəm, bu gün elə olacaq”.

Z.Oruc bildirir ki, ilk dəfə parlamentə daxil olması da məhz ad gününə təsadüf edib:

 “17 il əvvəl məhz fevralın 1-də Milli Məclisin əzəmətli binasına daxil olmuşam. Ötən illər ərzində həyatımız qaynar işlərin içərisində keçib. Media da bu fəaliyyətimizə, baxışlarımıza hər zaman yer verib. Çox şadam ki, ötən illər ərzində həm də təmsil etdiyim rayonun sakinləri arasında gözəl münasibətlərimiz formalaşıb”.

Deputat deyir ki, onun bu gününü kim də unutsa, bir şəxs var ki, o heç vaxt unutmur. Z.Oruc təbrikini gözlədiyi həmin şəxsin onu dünyaya gətirən anası olduğunu vurğulayıb:

“Anam heç zaman ad günümü yadından çıxarmır. Artıq 80 yaşının astanasında olan zəhmətkeş insan 4 balasının içərisində məni ayrıca xatırlayır. Hər ilin bu günü səhər onun səsindən aldığım təbrik məni gəncliyimə, uşaqlığıma qaytarır.

İnsan nə adını, nə də günü özü seçmir, amma sonradan onu doğruldur və qazanır. Bir qədər fəlsəfi söyləsək, ömür borc verilmiş pul kimidir. Mütləq onu geri qaytarmalısan”.

Parlament üzü qeyd edib ki, sadə kənd evində, ocaq başında qeyd etdiyi ad günləri onun yaddaşına əbədi həkk olunub:

“Mən hesab edirəm ki, insan ömrünü “öldüyü gün doğulur” şəklində yaşamalıdır. Qədim romalılar, yunanlar deyirdilər ki, uşaq doğulanda ağlayır, ətrafdakılar gülür. Xoşbəxt o adamdır ki, öləndə gülsün, ətrafındakılar ağlasın. Bu mənada keçmişimlə bağlı günlər yadımdadır, amma bütün hallarda gələcəyə baxmalıyıq”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU