Modern.az

Nazir iclas keçirdi, 4 istiqamətdə işçi qrup yaratdı

Nazir iclas keçirdi, 4 istiqamətdə işçi qrup yaratdı

15 İyul 2011, 15:58

İyulun 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İctimai Şuranın ilk iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda Şurada təmsil olunan təşkilatların - ƏƏSM Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının,  Milli Qeyri-Hökümət Təşkilatları Forumunun, Konstitusiya Araşdırmaları Mərkəzi və Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin Məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının nümayəndələri iştirak ediblər.

İctimai Şuranın əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, mərkəzi icra hakimiyyəti orqanlarında qərar qəbul etmə prosesinin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının göstərişləri rəhbər tutulmaqla yaradıldığını qeyd edən nazir Fizuli Ələkbərov əsas məqsədin nazirliyin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi, QHT-lərlə birgə layihələrin işlənməsi və icrası, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi olduğunu bildirib. Nazir artıq Şuranın Əsasnaməsinin və fəaliyyət istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdıraraq, nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanmasında, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin və görülən işlərdə şəffaflığın  artırılmasında, mütərəqqi beynəlxalq təcrübədən istifadə imkanlarının araşdırılmasında İctimai Şuranın əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

İclasda Şuranın tərkibində 4 istiqamət (dövlət sosial yardımları; dövlət sosial xidmətləri; əlilliyin müəyyən olunması və əlillərin tibbi-sosial reabilitasiyası; işsiz və işaxtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri) üzrə işçi qruplarının yaradıldığı qeyd olunub. Hər bir işçi qrupda Nazirliyin nümayəndələri seçilmiş istiqamət üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları və Ombudsman Aparatı ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər. Həmçinin növbəti ildən bütün ölkədə tətbiqi planlaşdırılan Özünədəstək- Sosial Yardım Proqramına cəlb olunacaq ailələrin seçilməsi işlərində nazirliyin və ictimai təşkilatların nümayəndələri birgə fəaliyyət göstərəcək. Əsasnaməyə əsasən, İctimai Şuranın səlahiyyət müddəti iki ildir və bu müddətin başa çatmasına bir ay qalmış Şuranın yeni tərkibi formalaşdırılacaq.

QHT təmsilçiləri Nazirlikdə yaradılan İctimai Şuranın dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın qurulması sahəsində müsbət bir təcrübə kimi təqdirəlayiq olduğunu vurğulayaraq, eyni zamanda nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı rəy və təkliflərlə çıxış ediblər. İclasda irəli sürülən təkliflərə Şuranın tərkibindəki işçi qrupları tərəfindən baxılaraq müvafiq tədbirlər görüləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın yaradılması barədə qərar 22 aprel 2011-ci il tarixdə nazir Fizuli Ələkbərovun sədrliyi və nazirliyin, Ombudsman Aparatının, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələrinin iştirakı ilə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi” mövzusunda kecirilən birgə müşavirədə qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı