2 fevral Azərbaycanda Gənclər günüdür. Bəs bu il gənclər təşkilatları Gənclər gününü necə keçirəcək?
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun sözlərinə görə, Azərbaycanda Gənclər Forumunun keçirilməsi, Azərbaycanda gənclər təşkilatlarının yaranması, Azərbaycan gənclər siyasətinin inkişafı birbaşa olaraq Heydər Əliyevin adı ilə bağlıdır:
“Uzun illərdir ki, bu istiqamətdə Azərbaycanda dövlət proqramı yaradılıb. Dövlət proqramlarının eyni zamanda inkişaf strategiyası mövcuddur. Bu dövlət proqramları çərçivəsində həyata keçirilən bir çox işlər var ki, onlar gəncliyin müxtəlif istiqamətdə maariflənməsinə, inkişafına şərait yaradır. Azərbaycanda gənclərlə bağlı bir çox mövzular var ki, vacib əhəmiyyət kəsb edir. Çox sevindirici bir haldır ki, Azərbaycanda gənclər siyasətinin 20-dən artıq yaşı var. Bu gün də bu siyasət Azərbaycan Respublikasının prezidentinin diqqəti mərkəzindədir. Azərbaycanda ümumilikdə 300-dən artıq gənclər təşkilatı mövcuddur. Onlar müxtəlif proqramlar, layihələr, təşəbbüslərlə çıxış edirlər. “İrəli” də bu təşkilatlardan biridir. “İrəli” təşkilatı ətrafında minlərlə gənci birləşdirir.
2 fevral tarixi bizim üçün əlamətdar günlərdən biri hesab olunur. Biz bu il öncə 2017-ci ildə gördüyümüz işləri nəzərdən keçiririk. 2018-ci ildə proqramımızı daha da təkmilləşdirməyi, gənclər üçün daha maraqlı layihələrin həyata keçməsini nəzərdə tuturuq, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının inkişafını önə çəkmək üçün bir növ özümüzə hesabat veririk. Təbii ki, bu il də bizim bir çox layihələrimiz olacaq. 2 fevral ərəfəsində ənənəvi olaraq Fəxri xiyabana, Şəhidlər xiyabanına ziyarətlərimiz olacaq, bundan başqa, ölkə səviyyəsində olan tədbirlərimiz var. Gənclərimiz o tədbirlərdə iştirak edirlər”.
Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli qeyd edib ki, Gənclər günündə Gənclər və İdman Nazirliyinin, həm də bu sahədə bir neçə dövlət qurumunun tədbirlərində iştirak edəcəklər:
“Təşkilat olaraq biz də bu tədbirlərə qoşulacağıq. Təşkilat üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Bundan başqa, Gənclər günü ilə bağlı mükafatlandırma mərasimləri keçiriləcək. Eyni zamanda, bir neçə sərgi və digər mədəni tədbirlər olacaq. Biz bütün tədbirlərdə iştirak edəcəyik. Həmçinin, öz aramızda sosial şəbəkələrdə virtual forum təşkil olunacaq. Burada gənclər öz arzu- istəklərini qeyd edəcəklər. Gənclər gününün yaranması, inkişafı ilə bağlı maraqlı diskussiya keçiriləcək. Əyləncəli tədbirlər də nəzərdə tutulur”.
Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) mətbuat katibi İlkin Mustafayev bildirib ki, fevralın 2-si Gənclər günü ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən fəal gənclərinin, tələbələrin və il ərzində fəal olan ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər təşkilatlarının təltif olunma mərasimi keçiriləcək:
“Təbii ki, hazırda bütün işlər bu mərasimə yönəlib. Tələbələr hazırda il ərzində çalışdıqları qədər daha çox fəallıq göstərir ki, bu nominasiyalardan birinə layiq görülsünlər. Həmçinin, ATGTİ olaraq bu gündən sonra biz ənənəvi layihəmiz olan "Qış Liderlik Məktəbi" layihəsi üçün Mingəçevir şəhərinə yola düşəcəyik. Layihədə 80 tələbə iştirak edəcək. Artıq tələbələr də seçilib. Təbii ki, bu layihə hər zaman ATGTİ tərəfindən və Gənclər və İdman Nazirliyi tərəfindən tələbələr üçün 2 fevral Gənclər günü hədiyyəsi olur. Çünki tələbələrin imtahan sonra stresini atması, həmçinin, liderlik, komanda işi bacarıqlarını artırması üçün keçirilən bir layihədir. Tələbələr müxtəlif komandalara bölünərək öz bilik-bacarıqlarını artırırlar. “Liderlik məktəbi”indən sonra da tələbələrimiz üçün bir sıra maraqlı layihələrimiz də olacaq. Bunlara həm məşhur şəxslərlər, idmançılarla, həmçinin də səfirlərlə tələbələrin görüşlərini, yaxınlarda həyata keçiriləcək "Youthvision-2018" Beynəlxalq Mahnı Müsabiqəmizi, "Səyyar Kitabxana" layihəmizi misal göstərərəm. Bu siyahını daha çox artırmaq mümkündür”.