“Absheronxeber.az” informasiya portalının 5 yaşı tamam olub.
Abşeron rayonunun mədəni və ictimai həyatında baş verən yenilikləri daim ictimaiyyətə çatdıran “Absheronxeber.az” xəbər portalının yaranmasının 5 ili tamam olub. Bununla əlaqədar olaraq Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Modern.az-ın xəbərinə görə, tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova deyib ki, Prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.
“Bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin bu sahəyə qayğısı kimi dəyərləndirilməlidir”.
Bildirilib ki, 2013-cu ildən fəaliyyət göstərən saytda Abşeronda baş verən hadisələr,quruculuq-abadlıq,yeniliklər barədə oxuculara operativ məlumatlar verilir. Reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edilir.
Bu 5 il ərində saytda təkcə Abşeron rayonu ilə bağlı bütün yeniliklər deyil, eyni zamanda ölkə əhəmiyyətli məlumatlar, xəbərlər öz əksini tapıb. Bu gün artıq daimi oxucusu 35 min nəfər olan bir portala çevrilib.
Saytın baş redaktoru Şamo Əliyev bildirib ki, portal yarandığı vaxtdan bu günədək oxucuların etibarını qazanmaq və dolğun məlumatlar çatdırmaq üçün fəaliyyət göstərib.
“Sayt 12 bölmədən ibarətdir və burada Abşeron rayonunun yaranma tarixindən müasir dövrə kimi olan mühüm məlumatlar almaq olar. Xəbər portalı öz oxucularına bir neçə yeni layihə təqdim etməyi planlaşdırır. Bundan əlavə müasir standartlara cavab verən yeni dizaynlı portalda həmçinin yerli və dünya xəbərləri ilə yanaşı, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunur. Gələcəkdə portalda müsabiqələr, layihələr, rubrikalar digər yeniliklər təqdim olunacaq”.