Modern.az

Əli Həsənov: “Bu vəhşilikdir...”

Əli Həsənov: “Bu vəhşilikdir...”

15 İyul 2011, 19:46

“Azərbaycan ermənilər tərəfindən 13 yaşlı uşağın vəhşicəsinə öldürülməsi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq”

Azərbaycan dövləti ermənilər tərəfindən 13 yaşlı uşağın vəhşicəsinə öldürülməsi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  deyib.

"Bu faktla bağlı bütün beynəlxalq təşkilatlara, sülhyaratma prosesində iştirak edən tərəflərə məlumat verəcəyik və dəfələrlə Ermənistan tərəfinin öz ordu hissələrini "mələk" kimi qələmə verməsi fikrini ifşa edəcəyik"-deyə Əli Həsənov bildirib. PA rəsmisi bildirib ki, bu hadisə ermənilərin simasını bir daha açdı və onların vəhşi üsullara əl atdığını bir daha göstərdi.

"Müharibənin də öz qaydaları var. Uşaq oyuncağının içərisinə partlayıcı maddə yerləşdirib çayla bir kəndə axıtmaq sözün həqiqi mənasında vəhşiliyin nümunəsidir".
Ermənilər tərəfindən son vaxtlar bu qəbildən olan hadisələrin mütəmadi törədildiyini vurğulayan Həsənov ermənilər tərəfindən bu ilin martında 9 yaşlı uşağın snayperlə öldürülməsi, 1994-cü ildə çaya buraxılan oyuncağın partlaması nəticəsində iki azyaşlı uşağın həlak olması, birinin isə yaralanmasını misal göstərib. "Bu hadisələr Ermənistanın Cənubi Qafqazda sülhə, barışığa, insanların dinc yaşayışına nə qədər mane olduğunu göstərir", - şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı