2018-ci ilin oktyabrında Azərbaycanda mühüm siyasi hadisə baş verəcək - növbəti prezident seçkiləri keçiriləcək. Bu istiqamətdə artıq müəyyən siyasi partiyalar fəaliyyətə başlayıb və öz namizədlərini müəyyən ediblər. Lakin seçkilərə 10 aydan az vaxt qalmasına baxmayaraq, hələ də namizədini müəyyən etməyən partiyalar da var.
Modern.az saytı namizədini müəyyən etməyən bir neçə siyasi partiyalara müraciət edib.
Maraqlıdır, onların prezident seçkilərində namizdələri kim olacaq?
Ədalət Partiyasının sədri İlyas İsmayılov:
“Prezident seçkilərinə namizədin müəyyən edilməsi hələ tezdir. Ədalət Partiyasının prezident seçkilərində iştirak edib-etməməsi də hələ ki məlum deyil. Vaxtı çatanda müəyyənləşdircəyik”.
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan:
“Hələ ki Liberal Partiyasının seçkilərdə iştirak edib-etməməsi məlum deyil. Bu baxımdan namizəd ətrafında da hər hansı müzakirələr olmayıb. Əgər münbit şərait yetişərsə, prezident seçkilərində iştirak məsələsi ilə bağlı qərarımız olacaq”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:
“Partiyamızın prezident seçkilərində iştirakı və hansı formatda çıxış etməsi barədə konkret fikir yoxdur. Hələ ki mövqeyimiz bəlli deyil. İlk nöbədə seçkilərdə iştirak müzakirə edilməli və daha sonra namizəd müəyyən edilməlidir. Amma ölkədə əlverişli və demokratik seçki mühiti yaradılmayınca, seçkilərdə iştirak etmək və uğur qazanmaq çətindir. Bu, bizim düşüncəmizdir.
Bu səbəbdən öncə siyasi qüvvələr ölkədə normal seçki mühitinin yaradılmasını, seçki prosesini şəffafflaşdırılmasını təmin etməlidir. Əsas işlər bu istiqamətdə getməlidir”.