Bu gün Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 22 il ötür. AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.
1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 Yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar.
2000-ci ildə Əbülfəz Elçibəyin ağır xəstəliyi, daha sonra isə vəfatı AXCP-də geniş parçalanmaya rəvac verib - eyni ada əvvəl iki, daha sonra üç siyasi qurum iddia edib. Sonralar indiki Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları (sədrləri - Qüdrət Həsənquliyev və Mirmahmud Mirəlioğlu) AXCP adı uğrunda mübarizədən çəkiliblər. Hazırda 1989-cu ildə qurulmuş AXC-nin əsas varisi Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədri - Əli Kərimli) sayılır, ancaq digər iki təşkilat da yaranış gününü 1989-cu il iyulun 16-dan hesablayır.
Bu gün ADP qərargahında Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA-nın xəbərinə görə, ADP sədri Sərdar Cəlaloğlunun çıxışı zamanı tədbirdə mübahisə yaranıb.
AXC-nin yaranması münasibətilə cəbhəçiləri təbrik edən S.Cəlaloğlu AXC-nin yaranma tarixi barədə danışıb. Onun sözlərinə görə, Xalq Cəbhəsi ilk dəfə Naxçıvanda yaradılıb və bu il AXC-nin 22 yox, 23 yaşı olur.
Bu fikirlər zalda olan cəbhəçilər və sabiq baş nazir Pənah Hüseyn tərəfindən narazılıqla qarşılanıb. P.Hüseyn yanındakı çantanı göstərərək AXC-nin yaranma sənədlərinin burda olduğunu deyib. S.Cəlaloğlu buna cavab olaraq “Pənah bəy çantasında AXC-nin yox, özünün tarixini gəzdirir” söyləyib. Onun “Əbülfəz Elçibəy Heydər Əliyevi müdafiə edib” fikri də tədbir iştirakçıları tərəfindən narazılıqla qarşılanıb.
P.Hüseyn isə çıxışında çantasından çıxardığı sənədləri - AXC-nin təsis konfransının protokollarını göstərib və S.Cəlaloğlunun yalan danışdığını bildirib.