İyulun 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda nazir Əli abbasov çıxış edib, rəhbərlik etdiyi sahədəki vəziyyəti qiymətləndirib.
Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov respublika üzrə vahid 7 rəqəmli nömrələnmə sisteminə keçid haqqında təqdimatla çıxış edib. Qeyd edib ki, yeni sistemin 1 avqust 2011-ci il tarixindən tətbiq edilməsi planlaşdırılır.
Kollegiyada görülmüş işlər haqqında qısa hesabatlarla həmçinin nazirliyin bir sıra struktur və birliklərinin rəhbərləri çıxış ediblər.
İclasda bildirlib ki, həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə əsas telefon aparatlarının ümumi sayı 1 milyon 450 min 549 ədədə çatıb. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 16,3 ədədə çatdırılıb. Bu göstərici Bakı şəhərində 35,1 ədəd, respublikanın digər ərazilərində 10,8 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir.
Azərbaycan MDB ölkələri arasında 100 nəfərə düşən əsas telefon aparatlarının sayına görə Ermənistanı, Gürcüstanı, Türkmənistanı və Özbəkistanı qabaqlayır. Lakin, bu göstərici Belarusda 43,1 ədəd, Rusiyada 36,3 ədəd, Ukraynada 28,5 ədəd, Qazaxistanda 25 ədəd təşkil edir.
Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 518 965 ədəd artaraq 9 milyon 629 min ədəd təşkil edib. Bu da hər 100 nəfərə təxminən 105 mobil abunəçinin düşməsi deməkdir. Hazırda 100 nəfərə düşən mobil abunəçi üzrə dünya orta göstərici 78 ədəd təşkil edir. Beləliklə də, Azərbaycan dünya orta göstəricisini təqribən 35% qabaqlayır.
”Hesabat dövründə mobil şəbəkədə kontur sistemindən manat sisteminə keçid edilməsi, mobil bazarda rəqabət mühitinin artması və yeni texnologiyaların tətbiqi mobil telefon xidmətlərinin qiymətinin 30%, rouminq xidmətlərinin qiymətinin isə istiqamətlər üzrə 20-50% azalmasına səbəb olub. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiyməti təxminən Şərqi Avropa ölkələri səviyyəsindədir”-deyə iclasda RİTN aparat rəhbəri Vidadi Zeynalov bildirib.
”Görülmüş tədbirlər nəticəsində ölkədə fəaliyyət göstərən mobil operatorların tətbiq etdiyi beynəlxlq rouminq tariflərinin istiqamətlər üzrə 25-50% aşağı salınmasına nail olunmuş və hazırda bu istiqamətində xarici operatorlarla danışıqların aparılması prosesi davam etdirilir”.
Qonşu ölkələrlə müqayisələr göstərir ki 2010-cu ilin yekunlarına görə 100 nəfərə düşən mobil abunəçilərin sayı Gürcüstanda 73,4, Özbəkistanda 76,3, Türkmənistanda 63,4, Qırğızıstanda 91,8, Türkiyədə 84,9, İranda 91,3 ədəd təşkil edir.
Modern.az