Azərbaycana gələn Avropa Parlamentinin üzvləri iyulun 16-da Ağdam rayonuna səfər ediblər. Onları Milli Məclisin deputatı Fuad Muradov müşayiət edib.
Ağdam rayonu ərazisində qonaqları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları qarşılayıblar. Ağdam Rayon İcra Hakimiyyətində Avropa Parlamentinin üzvləri ilə görüş keçirilib. Rayon İcra hakimiyyətinin başçısı Nizami Sadıqov qonaqlara Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verib. İcra başçısı bildirib ki, Ağdam rayonu 1993-cü ildə işğal olunub. Rayonun 180 min əhalisindən 50 mini Bakıda, 90 min nəfəri Ağdamın işğal olunmayan ərazisində, qalanları isə respublikamızın 62 rayonunda məskunlaşıblar. Onun sözlərinə görə, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirərək Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salıb.
N.Sadıqov bu gün də atəşkəs rejiminin ermənilər tərəfindən tez-tez pozulmasından, bu ilin martında 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin gülləsinə tuş gəlməsindən, bir neçə gün bundan əvvəl isə Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı qızın faciəli şəkildə öldürülməsindən narahatlığını diqqətə çatdırıb, bu səfərin müsbət nəticələnəcəyinə inamını ifadə edib.
Sonra Avropa Parlamentinin üzvləri 2010-cu ilin noyabrında Quzanlı kəndi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş yeni qəsəbəyə gəliblər. Bu qəsəbədəki 689 evdə 2,8 min məcburi köçkün məskunlaşıb.
Quzanlı qəsəbəsindəki 18 nömrəli məktəbə gələn qonaqlar Ağdam rayonunun işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoguşəyə baxıblar. Burada onlara erməni işğalı nəticəsində məcburi köçkünlərin üzləşdikləri çətinliklər barədə məlumat verilib. Bildirilib ki, ərazisinin 73 faizi hələ də düşmən tapdağı altında olan Ağdam rayonu 6 min şəhid verib.
Məktəbin fəaliyyətindən danışan Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qeyd edib ki, 363 şagirdin təhsil aldığı məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Məcburi köçkünlər BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin dərhal azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasından narazılıqlarını qonaqların diqqətinə çatdırıblar.
Avropalı qonaqlar məcburi köçkün Oruc Cabbarovun mənzilinə baş çəkiblər. Ev sahibi dövlətimizin başçısının qaçqın və məcburi köçkünlərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib, ən böyük arzularının öz evlərinə qayıtmaq olduğunu bildiribr. O, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindən, beynəlxalq hüququn tələblərinə məhəl qoymamasından narahatlığını bildirib, Avropa Parlamentinin üzvlərindən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı və rəsmi Bakının ədalətli mövqeyinə diqqətlə yanaşmağı xahiş edib.
Qonaqlar Qarabağ əlili Fəxrəddin Rəhimovun evinə də baş çəkiblər.
Sonra Avropa Parlamentinin üzvləri rayon mədəniyyət evində olublar. Məlumat verilib ki, burada əvvəllər hərbçilər yaşayıblar. Bildirilib ki, Qarabağ, o cümlədən Ağdam Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olub və dövlət onun inkişafına daim xüsusi qayğı ilə yanaşır.
Qonaqları müşayiət edən Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, son vaxtlar avropalı qonaqların cəbhə bölgəsinə səfərlərinin intensivləşməsi dövlətimizin və qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini gücləndirmələri ilə bağlıdır. ”İnanıram ki, bu səfərlər tezliklə öz nəticəsini verəcəkdir”-deyə deputat bildirib.
Səfərlə bağlı təəssüratlarını bölüşən Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Xose Manuel Fernandes bildirib ki, 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş, 13 yaşlı Aygün Şahmalıyevanın isə ermənilərin təxribatı nəticəsində həlak olmaları xəbəri onları çox təəssüfləndirib.
”Uşaqların müharibə qurbanına çevrilməsi yolverilməzdir. Bu faciələri Avropa Parlamentində mütləq qaldıracağam. Çünki Azərbaycan xalqı qonaqpərvər və sülhsevər xalqdır, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır”.
Belçika Parlamentinin üzvü Alan Desteks isə Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. Qeyd edib ki, münaqişənin bu qədər uzanması onları çox narahat edir.
”ATƏT-in Minsk qrupunun bu sahədə müsbət nəticə əldə edə bilməməsi təəssüf hissi doğurur”-deyə o, bildirib.
Avropa Parlamentinin fransalı üzvü Qaston Franko isə qeyd edib: “Biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Bugünkü səfərimiz zamanı bu problemin mahiyyəti ilə daha yaxından tanış olduq. Çox təəssüf edirəm ki, Azərbaycan böyük geosiyasi oyunların qurbanına çevrilmişdir. Avropa İttifaqı öz gücünü ortaya qoyaraq bu məsələnin ədalətli həllini dəstəkləməlidir. 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətli dəhşətli hadisədir və insanlığa ləkədir”.
Modern.az