Modern.az-ın məlumatına görə, iyulun 18-də saat 12.00-da Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçiləri ilə görüş keçiriləcək. Qardaş ölkənin «Radikal», «Hürriyyət», «Hurriyyət Daily News», «Todays Zaman», «Zaman» və «Star» kimi nüfuzlu qəzetlərinin nümayəndələrinin qatılacaqları toplantıda həmçinin MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edəcəklər.
Qeyd edək ki, türkiyəli jurnalistlərin səfəri Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü ilə həyata keçirilir. Səfərdən məqsəd ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə bilgilərin, ən əsası isə Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılmasına dəstək göstərməkdir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində qonaqların müxtəlif KİV redaksiyalarında görüşlərinin təşkili də nəzərdə tutulur.
Modern.az