Danimarkada yaşayan azərbaycanlılar Kopenhaqendə fəaliyyət göstərən Türkiyə səfirliyinin qarşısında izdihamlı mitinq keçirib.
Danimarkada fəaliyyət göstərən Azərbaycan diasporunun -"Vətən" Cəmiyyətinin rəhbəri Səfər Sadıqlı Modern.az saytına verdiyi məlumata görə, mitinq Skandinaviya Türk Federasiyasının təşəbbüsü ilə təşkil olunub.
O bildirib ki, Türkiyənin "Zeytun budağı " əməliyyatına dəstək və PKK terroristlərinin Türkiyə səfirliyinin qarşısında türk bayrağının təhqir olunmasına etiraz mitinqində, Türkiyənin Kopenhaqendəki səfiri Uğur Kenan, Qaziantep millət vəkili Mehmet Ərdoğan, Istanbul millət vəkili, Sakariya millət vəkili Mehmet Isen iştirak ediblər.
Mitinqdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin səfiri Uğur Kənan çıxışında Türkiyənin uğurlu əməliyyatlarından danışıb, mübarizənin ancaq terroristlərlə aparıldığını qeyd edərək, insanların dəstəyinə görə öz minnətdarlığını bildirib.
Mitinqə dəstək üçün Danimarka Vətən Cəmiyyəti, Kopenhaq Türk Kültür Dərnəyi, Danimarka Türkman Ocağı, Türkman Kültür Cəmiyyəti, UETD Danimarka təmsilçiliyi iştirak ediblər. Mitinqdə çıxışlardan başqa, türk marşları səslənib. Danimarka Vətən Cəmiyyəti adından Türkiyə səfiri Uğur Kənana Türkiyə - Azərbaycan dostluğunun rəmzi olaraq çiçək dəstəsi təqdim olunub.