Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Konstitusiyanın 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Prezidenti seçkiləri elan edilsin.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Bəs növbədənkənar prezident seçkisi hansı hallarda keçirilir?
Modern.az saytı bununla bağlı kiçik araşdırma aparıb.
Seçki Məcəlləsinin 179-cu maddəsində bildirilir ki, Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir.
Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir.
Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayaraq seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 2 ay ərzində keçirilir.
Bəs kimlər prezidentliyə namizəd ola bilər?
Konstitusiyanın 100-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Prezident seçilə bilər.
Qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı Seçki Məcəlləsinin on üçüncü fəsli ilə tənzimlənir.
Məcəllənin 75-ci maddəsində göstərilib ki, (75.2) Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Həmin maddənin 3-cü bəndində qeyd olunub ki, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.
Səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların kütləvi informasiya vasitələrində dərc edilməsinə yol verilmir.