Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanovun dəvəti ilə Azərbaycanda səfərdə olmuş Avropa Parlamentinin üzvləri - Franko Qaston (Fransa), Ferreyra Fernandez Xose Manuel (Portuqaliya) və Belçika Parlamentinin üzvü Alayn Desteks iyulun 17-də səfərlərini başa vuraraq Azərbaycanı tərk ediblər. Azərbaycanla tanışlıq və rəsmi görüşlər məqsədilə edilən səfər çərçivəsində qonaqlar Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov və Yeni Azərbaycan Partiyasının sədr müavini-icraçı katibi, millət vəkili Əli Əhmədovla görüşüb, helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər ediblər.
Şamaxının millət vəkili Elxan Süleymanov bu kimi səfərləri Azərbaycan barədə beynəlxalq təşkilatlarda doğru və obyektiv təsəvvürlərin yaradılması baxımından çox əhəmiyyətli sayır. E.Süleymanovun dəvəti ilə 04-08 iyul tarixlərində Belçika - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də Azərbaycana səfər edib və rəsmi görüşlər keçirmişdilər.
Növbəti bu kimi səfər 19-22 iyul tarixlərində baş verəcək. Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Lukas Volontenin rəhbərlik etdiyi 11 nəfərdən ibarət qrupu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qəbulu gözlənilir. Qonaqlar rəsmi görüşlərlə yanaşı, həmçinin Bakı-Tiflis-Ceyhan boru-kəmərinin Aralıq dənizinə istiqamət aldığı yerə - Sanqaçal Neft Terminalına səfər edəcəklər və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün faydalana biləcək dinlərarası dialoq və Avropa dəyərlərinə dair dəyirmi masada iştirak edəcəklər.
Modern.az