“Dayanıqlı inkişaf məqsədlərinin önəmi böyükdür. Dayanıqlı inkişaf hökumət və insanlar üçün çağırışdır. Burada, qarşılıqlı məsləhətləşmələr vacibdir”.
Modern.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri" adlı təlim kursunda bildirib. O, BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə bir sıra ölkələrin, həmçinin Azərbaycanın da qoşulduğunu xatırladıb:
"Dayanıqlı inkişaf məqsədlərinin əsas məqsədi dünyada yoxsulluğun azaldılması, təhsili dəstəkləmək, ana və uşaq ölümlərinin qarşısını almaqdır. Bura qoşulan ölkələr bu kimi problemlərlə mübarizə istiqamətində öhdəlik götürüblər. Bizim qarşımızda böyük gündəlik dayanır. Belə ki, 17 məqsədi həyata keçirmək üçün 13 il vaxt müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri özündə 169 hədəfi birləşdirib".
BMT rəsmisi bildirib ki, Azərbaycan ilə BMT sıx əməkdaşlıq edir: "Belə ki, Azərbaycan bu məqsədlərə nail olmaq üçün ciddi addımlar atır. Azərbaycan BMT-yə Yol Xəritəsinin hazırlanması prosesi üçün müraciət edib. Həmçinin, bu istiqamətdə ciddi təbliğat -təşviqat işləri həyata keçirilir".
O vurğulayıb ki, BMT-nin bu prosesdə rolu hökumətə dəstək verməkdir. Qulam İshaqzaibib sözlərinə görə Azərbaycanda da dayanıqlı inkişaf istiqamətində mühüm addımlar atılır. Qulam İshaqzai bildirib ki, BMT Azərbaycanda dayanıqlı inkişaf üçün hökumətə dəstək verir, medianın inkişafını dəstəkləyir.