“Ortaq Dəyərlər” İcimai Birliyinin təşəbbüsü ilə “Şəhid Musa Özalkanın arzusuna dəstək– Təlafər uşaqları üçün” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, “Park-Bulvar”-da keçirilən tədbiri açan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində terror qruplarına apardığı “Zeytun budağı” əməliyyatı Azərbaycanda da diqqətlə izlənilməkdədir: “Əməliyyatın gedişində şəhid düşmüş Musa Özalkan daha öncə sosial şəbəkədə yazdığı mesajında bəyan etmişdi ki, əgər o döyüşdə şəhid olarsa, dövlət tərəfindən onun ailəsinə veriləcək maddi təzminatın İraqın Təlafər şəhərində ağır durumda yaşayan türkman uşaqlar üçün məktəb və ya uşaq bağçası tikilməsinə sərf edilsin. Şəhid Musa Özalkaın bu vəsiyyəti nəcib insanlar, həmçinin, Türk Dünyasının problemlərinə, türkmanların durumuna həssas yanaşan qurumlar tərəfindən ciddi mesajdır. Biz də Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər olaraq “Şəhid Musa Özalkanın arzusuna dəstək – Təlafər uşaqları üçün” adlı xeyriyyə marafonuna start verdik.
Tədbirdə çıxış edən MHP Antalya millət vəkili Ahmet Selim Yurdakul Azərbaycan ictimaiyyətinin göstərdiyi bu həssasiyyətin maddi dəstəkdən daha çox mənəvi gücünün olduğunu qeyd edib.
Millət vəkili Məlahət İbrahimqızı türkmanların Azərbaycan xalqı ilə tarixi, mədəni bağları olduğunu dilə gətirərək ağır durumda olan bu topluma göstərilən diqqətin önəmli olduğunu vurğulayıb.
“Şəhid qardaşmız Musa Özalkan bu arzusu ilə həm də İraqda, Suriyada yaşayan türkmanların vəziyətini gündəmə gətirdi” deyən millət vəkili Qənirə Paşayeva artıq bu yöndə çalışmaların olduğunu söyləyib.
Türkiyə-Azərbaycan İşadamları və Sənayeçilər Birliyi (TÜİB) Başqanı Hüseyin Büyükfırat təşəbbüsə dəstəyini ifadə edərək bu kimi çalışmaların iki ölkənin qardaşlığını möhkəmləndirən adımlar olduğunu bildirib.
Polkovnik Hikmət Ağayev, Aprel qazisi Anar Məmmədov hazırda Suriyada terrorçularla savaşan türk əsgərlərinə dəstəklərini ifadə edərək “Gərək olarsa, hər an onlarla birlikdə döyüşməyə hazırıq” deyiblər.
Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri Fərqanə Mehmanqızının da dəstək verdiyi tədbirdə ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.
Xeyriyyə aksiyasının bu ayın sonunadək davam etdiriləcəyi qeyd olunub.