“Azərbaycanda 5 mindən artıq çap mediası fəaliyyət göstərir”. Modern.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli “Jurnalistika və Dayanıqlı İnkişafın Məqsədləri” adlı təlimdə bildirib. Onun sözlərinə görə, ölkədə 3 mindən artıq da onlayn media fəaliyyət göstərir.
M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən çox sosial şəbəkə istifadəçisi var.
“Bununla yanaşı Azərbaycan əhalisinin 80 faizinin internetə çıxışı var. Azərbaycanda yaxın zamanlarda İnformasiya Məcəlləsi də hazırlanacaq”-deyə o əlavə edib.
Müşfiq Ələsgərli mediada işıqlandırılan bəzi mövzular, o cümlədən intiharlar barəsində də danışıb.
“Azərbaycan mediasında intihar məsələlərinin işıqlanmdırılması dəfələrlə müzakirə olunub. Lakin jurnalistika elə fəaliyyətdir ki, bu həm qanunvericiliklə, həm də peşə davranış kodeksi ilə tənzimlənir”.
O qeyd edib ki, intihar, kriminal hadisələrinin işıqlandırılması zamanı detallara varmaq lazım deyil.
“Məsələn, intihar hansı vasitə ilə olub, kriminal hadisə necə baş verib. Bunlar peşə davranış kodekslərində əksini tapıb”-deyə o bildirib.
M. Ələsgərli bildirib ki, dinin özü də intihara pis baxır. “Bu məqam da mətbuat səhifələrində əksini tapmalıdır. Yəni intihara təşviq edən yox, ondan çəkindirən təqdimatlar edilməlidir”.