Əfqanıstanda qəzaya uğrayan Azərbyacanın “İL-76” təyyarəsinin qara qutusunun tapılması barədə xəbəri hava gəmisinin məxsus olduğu “Silk-Uay” şirkətinin rəhbərinin müşaviri Adil Qasımov təkzib edib. Modern.az ATV-yə istinadən bildirir ki, bu barədə yayılan xəbərə münasibət bildirən şirkət nümayəndəsi qeyd edib ki, “qara qutu”nun tapılması barədə deyilənlər həqiqəti əks etdirmir. “Bütün məlumatlar ilk olaraq bizə gəlir. Deyə bilərəm ki, “qara qutu”nun tapılması barədə deyilənlər düz deyil. Bu barədə məndə heç bir məlumat yoxdur. Təyyarənin düşdüyü yer “Taliban”çılar tərəfindən atəşə tutulur. Odur ki, əraziyə yaxınlaşmaq olmur. Çətinliklər yaranıb. Son hadisələrlərlı bağlı vəziyyət gərginləşib. Buna baxmayaraq komissiya işini davam etdirir”-deyə A. Qasımov bildirib.
Qeyd edək ki, bu gün ANS AZAL-ın vitse-prezidenti, hadisəni araşdıran komisisyanın sədri İlham Əmirova istinadən qəzaya uğrayan təyyarənin “qara qutu”sunun tapıldığını bəyan edib.
AZAL rəsmisi qutunun şəklinin Azərbaycanın Kabildəki nümayəndələrinə göstərildiyini deyib. Qutunun özünün də Əfqanıstan tərəfdən yaradılmış komissiyada olduğunu vurğulayıb.
İlham Əmirov daha sonra deyib ki, qutunun götürülməsinə nail olan komissiya təyyarənin içində olan adamların taleyinə bir o qədər də həssaslıq göstərmir.
Modern.az