Azərbaycandakı ali məktəblərdə qış semestrinin imtahanları başa çatıb. Məlumdur ki, 2016-cı ilin “Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucovun böyük oğlu Aqşin Orucov da tələbədir. Belə ki, o, “ADA” Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alır.
Şəhidin həyat yoldaşı Sevinc Alızadə Modern.az saytına deyib ki, Aqşin Orucov qış semestrinı uğurla başa vurub:
“Şükür, Aqşinin dərsləri yaxşıdır. O artıq dərslərə-ikinci smestrə başlayıb. Aqşin ümumiyyətlə balaca vaxtından zəhmətkeş uşaq olub. Özü öz yükünü çəkməyi bacarıb, heç zaman problem yaratmayıb. Yadımdadır, Raqif onu Sumqayıtda 2 saylı gimnaziyaya qəbul üçün aparmışdı. Hələ 6 yaşı tamam deyildi. Biz istəyirdik ki, orada oxusun, qəbul da imtahanla idi. Raqif çöldə oturub gözləyirdi ki, Aqşin imtahandan çıxsın. Hamı çıxırdı, amma o yox. Balaca, çox zəif uşaq idi. Həmin imtahandan 3 saatdan sonra çıxdı. Yəni o, oxumaq məsələsində çox məsuliyyətlidir. İnanın, bütün günü işdə oluram. Dərsləri ilə özü maraqlanır. Aqşinin yalnız Raqifdən sonra qiymətləri aşağı düşdü. Məsələn, qəbul imtahanında ondan yüksək bal gözləyirdik, amma 550 bal yığdı, biz də təəccübləndik. Çətinliyi, stressi həmin zamanlar oldu. Lakin indi şükür, dərslərində yuxarı nəticələr əldə edir.
“ADA”da dəsrlər fərqli sistemlə keçirilir. Aqşin hələ ki ixtisas dərsləri keçmir. Ancaq ingilis dilinin akademik səviyyədə öyrənilməsi tədris olunur. Aqşin “ADA”ya qəbul olunanda “intermediate” səviyyəsində idi, indi dili daha yaxşı mənimsəyir. Bilirsiniz, “ADA”da dərslərin hamısı ingilis dilindədir. Dilin müxtəlif mənimsənilmə proqramları var. Aqşin onlardan imtahanlar verdi və yaxşı nəticələri oldu. Dediyim kimi, gələn ildə ixtisas fənləri öyrənməyə başlayacaq”.
S.Alızadə qeyd edib ki, kiçik övladı Nihad Orucovun da məktəbdə nəticələri ürəkaçandır:
“Əsas odur ki, övladlarım təhsilinə həvəslə yanaşsın və oxumaq xətrinə oxumasınlar. Həm insan, həm də vətəndaş kimi formalaşsınlar. Hər zaman Aqşinə “elə bir gün ola bilər, mən də sənin yanında ola bilməyim. Bu səbəbdən özünü təkbaşına idarə etməyi bacarmalısan” deyirəm. Balaca oğlumu da qarışqa ilə müqayisə edirəm. Qarışqa öz çəkisindən dəfələrlə ağır yük daşıyır axı. O da bir az zəifdi, amma yükün öhdəsindən öz əzmi ilə gələ bilir. Nihadı Azərbaycan dilli məktəbdən ingilis dilli məktəbə qoyduq. Tamamilə ayrı dərslər, ayrı proqram. Amma o, bacardı. İnanın, hazırda balaca oğlumun məktəbdə ən aşağı qiyməti “4”dür”.