Modern.az

3000-dən çox müəllim ucqar bölgələrdə işə göndərilib

3000-dən çox müəllim ucqar bölgələrdə işə göndərilib

Aktual

7 Fevral 2018, 18:00

Təhsil Nazirliyində ölkə Prezidenti  İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.

Modern.az xəbər verir ki, müşavirədə təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov  qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, aparılan islahatlar  barədə məlumat verib. O qeyd edib ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür. O cümlədən ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Görülən işlərin davamı olaraq bu il də 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq.

 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.

Ceyhun Bayramov bu tədris ilində Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçiriləcəyini deyib.

Müşavirədə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov bildirib ki, cari il ərzində 137 modul tipli məktəbin quraşdırılması ilə yanaşı, 14 təhsil müəssisəsinin tikintisi, 15 təhsil müəssisəsinin, o cümlədən 2 peşə təhsili müəssisəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yenidən qurulması, eləcə də 40 rayon üzrə 101 təhsil müəssisəsində qazlaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının əhatə etdiyi dövr üzrə regionlarda pedaqoji kadr təminatı, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən söz açıb. Bildirib ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran Eşqi Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Ceyhun Bayramov müşavirənin işini yekunlaşdıraraq təhsilin keyfiyyət göstəricilərinin daha da artırılması ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi