“MilAz” informasiya agentliyi dünən Silahlı Qüvvələrdə xidmət edən əsgər və zabitlərin namaz qılmalarına görə təqib edilməsi ilə bağlı məlumat yayıb. Həmin məlumatda qeyd olunub ki, Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) namaz qılan 3 zabiti öz vəzifələrindən kənarlaşdırılaraq, müxtəlif hərbi hissələrdə aşağı vəzifələrə göndəriliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu agentliyə verdiyi açıqlamada zabitlərin başqa hərbi hissələrə göndərilməsinə aydınlıq gətirib.
E. Sabiroğlu bildirib ki, HHQ və HHMQ-nin kimya xidmətinin rəisi polkovnik-leytenant Qəhrəman Mənsiyev öz ərizəsinə əsasən cəbhə xəttində xidmət etməyə göndərilib. HHQ və HHMQ-nin aerodrom xidmətinin rəisi polkovnik-leytenant Akif Kərimov xidməti uyğunsuzluğa görə başqa hərbi hissəyə göndərilib. HHQ və HHMQ-nin şəxsi heyətlə iş üzrə idarəsinin zabiti mayor Camalov Namiq isə 1999-cu ildən bu vəzifədə çalışır və rotasiyaya uyğun olaraq başqa hərbi hissəyə göndərilib.
Modern.az