Bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Modern.az-a bildirib.
S.Qədirova qeyd edib ki, vaqonların yükü taxta və MDF-dən ibarətdir:
“Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir”.
Qurum rəsmisinin bildirdiyinə görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.