Əliəsgər Vəliyev, İctimai Televiziyanın İnformasiya departamentinin direktoru
Redaksiyalarda işin qarşıdakı prezident seçkisi ərəfəsində və ondan sonra günün tələbləri səviyyəsində qurulması üçün hansı işlər görülməlidir?
Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin sərbəst fəaliyyətinə dövlət səviyyəsində şərait yaradılması, söz və məlumat azadlığının təmin olunması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün güclü medianın formalaşdırılması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, bu gün ölkəmizdə onlarla televiziya, radio, informasiya agentliyi, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu heç bir kənar təsir olmadan sərbəst fəaliyyət göstərir. Azərbaycanda mətbuata, mediaya dövlət tərəfindən xüsusi diqqət və yardımlar göstərilir. Ənənəvi mətbuat orqanlarına müvafiq maliyyə dəstəyi edilir. Bəs bütün bu şəraitdən və imkanlardan bəhrələnən media qurumlarında, redaksiyalarda qarşıdakı prezident seçkiləri ərəfəsində və ondan sonra işin müasir tələblər səviyyəsində qurulması üçün hansı işlər görülə bilər?
Bu gün təkzibolunmaz reallıqdır ki, dünyada ictimai rəy məhz internet üzərindən yayımlanan onlayn media resursları, sosial şəbəkələr vasitəsilə formalaşır. Azərbaycanda da eyni vəziyyətdir. Ölkəmiz dünyadakı bu qlobal prosesdən kənarda qala bilməz və qalmır. Amma bu gün qəzetlər demək olar ki, kütləvi informasiya vasitəsi funksiyasını itirməkdədir. Ona görə də, media qurumlarında, xüsusilə qəzetlərin redaksiyalarında iş onlayn medianın tələblərinə uyğun qurulmalıdır. Ənənəvi qəzetlərin əməkdaşlarının fəaliyyətləri ciddi şəkildə bu istiqamətdə yönəldilməli və inkişaf etdirilməlidir. İndi redaksiyalarda oturub gündəlik qəzetlər üçün bir-iki yazı yazmaqla işi bitmiş hesab etmək olmaz. Xüsusilə nəzərə alınmalıdır ki, indi cəmiyyət informasiyanı adi mobil telefon vasitəsilə əsasən internet üzərindən əldə edir. Bu olduğu halda, insanların əvvəlki kimi vəsait ödəyib qəzet almalarına lüzum qalmır. Ona görə də, əməkdaşlar jurnalist materiallarını sosial şəbəkələrdə lazım olan səviyyədə yaymağı mütləq bilməli və məhz ağıllı təbliğ etməyi bacarmalıdırlar. Hətta buna görə xüsusi kursların təşkilinə ehtiyac var. Çünki bu gün cəmiyyətin fikrinin, ictimai rəyin lazımi istiqamətdə formalaşdırılması mövcud reallıqlar nəzərə alınmaqla mümkündür. Nəzərə alsaq ki, bu gün sosial şəbəkələr bəzən idarəolunmaz səviyyədə ictimai rəyə təsir göstərə bilir, o zaman MEDİA ORQANLARININ ÖZ İŞLƏRİNİ MÖVCUD ÇAĞIRIŞLARA ADEKVAT QURA BİLMƏLƏRİ SON DƏRƏCƏ AKTUALLIQ KƏSB EDİR. Digər tərəfdən, dünyanın bir sıra inkişaf etmiş ölkələrində hətta jurnalistlərin əməyinin qiymətləndirilməsi onların təqdim etdikləri materialların onlayn mediada, yaxud sosial şəbəkələrdə oxunma sayı, cəlbediciliyi, doğurduğu reaksiyalarla ölçülür. Ona görə də, bu gün ölkəmizin uğurlarını gözü götürməyən, həm xaricdə, həm də daxildə Azərbaycan əleyhinə təbliğat işi aparan, dövlətimizin gördüyü mühüm işlərə, əldə olunan nailiyyətlərə qara yaxmağa çalışan qüvvələrin bütün cəhdlərinin hər zaman tam uğursuzluğa uğradılması üçün vətənpərvər jurnalist ordusunun üzərinə mühüm vəzifələr düşür.
1. KİV orqanlarının, xüsusilə ənənəvi qəzetlərin redaksiya heyəti gündəlik fəaliyyətlərində onlayn rejimə xüsusi üstünlük verməli, lazım gəldikdə, həmin qəzetlər daha mükəmməl, maraqlı materiallarla və oxunaqlı formada həftəliyə keçməlidir.
2. Redaksiyalar əməkdaşlarının onlayn media və sosial şəbəkələrdən düzgün istifadə edə bilmələrini təmin etmək üçün onları xüsusi kurslara, təlimlərə cəlb etməlidir.
3. Jurnalistlərin öz materiallarını internet resursları üzərindən daha ciddi, ağıllı və cəlbedici təqdim edə bilmələri vərdişlərinə nail olunmalıdır.
4. Redaksiyalarda jurnalistlərin fəaliyyəti, əməyi həm də onlayn mediada nəticələrinə uyğun qiymətləndirilməli, hesabatlılıq təmin edilməlidir.
5. Jurnalistlərin ən azı rus və ingilis dili bilgilərinin artırılması prioritet məsələlərdən olmalıdır.
6. Müvafiq nazirliklərin, yaxud dövlət qurumlarının mətbuat xidmətləri, informasiya siyasətinə məsul şöbələri aidiyyatı sahələrə dair ölkədə baş verən hadisələrə görə jurnalistlərin müraciətini gözləmədən öz münasibətlərini, reaksiyalarını operativ şəkildə onlayn media, və ya sosial şəbəkələrdə yaymalıdırlar ki, lüzumsuz müzakirələr və mübahisələrin vaxtında qarşısı alınsın.
Bütün bunlar dünyada və regiondakı proseslər fonunda Azərbaycan ictimaiyyətində daha düzgün fikrin yaranmasında, xüsusilə də ölkəmizlə bağlı həqiqətlərin dünyada doğru təbliği işində mühüm rol oynayacaq. Əks halda, redaksiyalarda işin günün tələbləri səviyyəsində qurulmaması, arxayınçılıq onların dövlətimiz və cəmiyyətimiz qarşısında məsuliyyətlərini lazımi tələblərə uyğun yerinə yetirə bilməməsinə və cəmiyyətin informasiyaya olan ehtiyacının ödənilməsində qaragüruh qüvvələrlə rəqabətdə zəifləmələrinə gətirib çıxara bilər.