Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyədə keçirilən 17-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festifalında iştirakı çərçivəsində Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polatla görüşüb. Görüş zamanı millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının işğal nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumatlar verib.
Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat Türkiyənin daim dost, qardaş Azərbaycanın və onun haqlı davasının yanında olduğunu bildiriblər. Qənirə Paşayeva Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polata Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar da təqdim edib. Bayburt bələdiyyə başçısı ilə görüşdə millət vəkili Qənirə Paşayeva Türk dünyasının qədim yurd yerlərindən olan Bayburtla Tovuz rayonun qardaşlaşmış şəhərlər olması təklifini irəli sürüb və onun bu təklifi bələdiyyə başçısı tərəfindən dəstəklənib. Q.Paşayeva Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polatı Azərbaycana rəsmi səfərə dəvət edib. Bayburt valisi şəhər meydanında keçirilən festival tədbirləri zamanı Qənirə Paşayevaya şəhər valiliyinin xüsusi mükafatını təqdim edib.
Modern.az