Bu gün Prezident İlham Əliyev Xızı rayonuna səfər edib. Dövlət başçısı Xızı şəhərinin mərkəzində salınan Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Daha sonra Prezidentə parkda görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib. Prezidentə bildirilib ki, Heydər Əliyev prospektində yerləşən parkda yaşıllıqlar salınıb, 6 mindən çox dekorativ kol və ağac əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb, bayraq meydanı yaradılıb. Parkda sakinlərin istirahəti üçün hər cür şəraitin olduğu bildirilib. Heydər Əliyev Mərkəzinin binası parka xüsusi gözəllik verir.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, sonra bina ilə tanış olub. Prezidentə məlumat verilib ki, mərkəzin tikintisinə bu ilin mayında başlanılıb. Burada görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən 14 fotoguşə yaradılıb, büstü qoyulub. Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunan xidməti otaqları var. Burada Azərbaycan tarixini və ədəbiyyatını, xarici dil öyrənmək istəyənlər, eləcə də rəsm həvəskarları üçün şərait yaradılıb. Mərkəzin kitabxanasında Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələrdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlər var.
Sonda dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.