Fevralın 10-u Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun doğum günüdür.
Modern.az-ın məlumatına görə, alimin 79 yaşı tamam olur.
Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasında (elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da; baş müəllim, dosent), BDU-da (dosent, kafedra müdiri, dekan müavini, dekan), Ali Attestasiya Komissiyasında (sədr müavini) və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyində (baş direktor) işləyib. O, 2004-cü ildən Tarix İnstitutunun direktorudur.
Y.Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını üzə çıxarıb.
O, Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan problemini, o cümlədən, Azərbaycanın diplomatiya tarixini araşdıran elmi məktəb yaratmış və hazırda həmin məktəbə başçılıq edir.
Akademik 1999-cu ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə “Şərəf” ordenilə təltif olunub.