Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəzi QHT-ləri və hüquq müdafiəçilərini ittiham edib.
Qurum bununla bağlı yaydığı məlumatda bildirib ki, son vaxtlar əsir və itkin problemdən və Dövlət Komissiyasının funksional vəzifələrinin nədən ibarət olduğunu bilməyən bəzi qeyri-hökumət təşkilatları mətbuat səhifələrində əsası olmayan və populist çıxışlar edərək Komissiyanın fəaliyyətinə kölgə salmağa cəhd edirlər.
“Təəssüf ki, bəzi mətbuat qurumları da itkinlərlə bağlı Dövlət Komissiyasının yaydığı dəqiq statistik rəqəmlərdən xəbəri olmayan “ekspert”lərin verdiyi məqsədyönlü məlumatları tələsik yayır, bu məlumatları Komissiyanın İşçi qrupu və ya Komissiyanın rəsmi internet səhifəsinin vasitəsi ilə dəqiqləşdirmirlər. Hazırda cari ilin altı ayı ilə bağlı ictimaiyyətin diqqətinə təqdim olunan hesabat belələrinə tutarlı cavabdır. Bu məlumatlar Komissiya tərəfindən ildə iki dəfə - altı ayın və hər ilin yekununda əsasən ictimaiyyətə təqdim olunur”.
Dövlət Komissiyası bildirib ki, bəziləri daha da uzağa gedərək müharibə qurbanlarına, xüsusən də itkin düşmüş şəxslərin ailələrinə heç bir qanuni əsası olmayan vədlər verərək onların hissləri ilə oynayırlar.
“Bir məqamı da diqqətə catdırırıq ki, 14 aprel 2008-ci il tarixdə Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi»nə əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri üç mindən artıq itkin ailəsində olmuş, onlarla birbaşa əlaqələr yaratmış və zəruri məlumatları toplayaraq sənədləşdirmişlər. Ancaq bəzi QHT-lər intensiv hərbi əməliyyatların gedişində itkin düşmüş hərbçilərin ailələrinə dövlət icbari şəxsi sığortalarının veriləcəyi barədə yalnış məlumatlar verərək onları düzgün istiqamətləndirmir, nəticədə isə bu insanların vaxtının itməsinə və mənəvi əzaba düçar olmalarına şərait yaradırlar. Məlumat üçün bildiririk ki, “Hərbi qulluqçuların Dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanun”u 20 may 1997-ci ildə qəbul olunmuş, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdir. Beləliklə, qanun qüvvəyə mindiyi gündən sonrakı dövrü əhatə edir və geriyə qüvvəsi yoxdur. Dövlət Komissiyasının İşçi qrupu adı çəkilən qanunula bağlı hüquqşünaslarla (o cümlədən müstəqil) da məsləhətləşmiş və onlar da bu fikri təsdiqləyərək Qanunun qüvvəyə mindiyi dövrdən əvvəl baş vermiş hadisələrə şamil olunmadığını diqqətə çatdırmışlar. Bununla əlaqədar olaraq, yuxarıda göstərilən qanunun qüvvəyə mindiyi dövrdən əvvəl itkin düşmüş vətəndaşlarımızın ailələrinə müraciət edərək bildiririk ki, bu tip məsələlərlə bağlı ilkin olaraq Komissiyanın İşçi qrupuna müraciət etsinlər və özünü “hüquq müdafiəçisi” adlandıran şəxslərin çirkin niyyətlərinə alət olmasınlar”.
Komissiya bildidb ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunu”nun birinci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda aparılan hərbi əməliyyatlar zamanı itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş elan edilmiş şəxslər də şəhid hesab edilir.
“Beləliklə, aydın olur ki, hazırda itkin düşmüş şəxs kimi, Dövlət Komissiyasında qeydiyyata alınmış hərbçilərin hər biri qanunla şəhid hesab edilir və şəhid ailələri üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlar itkin ailələrinə də şamil olunur”.
Modern.az