İyulun 18-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci ilin 6 ayı ərzində yol hərəkəti təhlükəsizliyinin təmini və ictimai asayişin mühafizəsi sahəsində görülən işlərin yekunlarına, eləcə də qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə Ramil Usubov ictimai asayişin qorunmasında ən mühüm istiqamətlərdən birinin də yol hərəkəti təhlükəsizliyinin təmini olduğunu bildirib. O, belə məsul vəzifənin məhz Dövlət Yol Polisi əməkdaşlarının üzərinə düşdüyünü xatırladaraq əməliyyat müşavirəsinin müzakirəsinə çıxarılan məsələlərin günün tələbləri baxımından çox aktual olduğunu diqqətə çatdırıb.
Daha sonra hesabat dövründə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində görülmüş işlərin nəticələrinə dair hesabat məruzəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov çıxış edib. O, deyib ki, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi daim diqqət mərkəzində olub.
Qeyd edilib ki, təkcə bu ilin birinci yarısında fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 30 min 440 ədəd avtomobil gətirilib ki, bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 13 minə çatıb.
Hesabat ilində 408 min 342 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 7.686, sürət həddinin aşılması 42.111, ötmə qaydalarının pozulması üzrə isə 7245 fakt aşkar edilib. Nəticədə bütün aşkar olunan qayda pozuntuları üzrə 45 mindən çox sürücü yol hərəkət qaydasını pozduğuna görə cərimə edilib. 1895 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Təəssüflə qeyd edilmişdir ki, yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində həyata keçirilmiş tədbirlərə baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı və onların ağırlıq dərəcəsi ötən ilin müvafiq dövrünə nisbətən artıb. Belə ki, respublika ərazisində 1364 yol-nəqliyyat hadisəsi qeydə alınıv ki, nəticədə 433 nəfər həlak oluv, 1465 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 204 fakt, həlak olanların sayı 36 nəfər, yaralananların sayı isə 282 nəfər artıb. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin 44,4 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 23.1 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi səbəbindən baş verib.
Hesabat dövründə DYP əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 18 nəfər yaxalanıb, qanunsuz saxlanılan 10 ədəd odlu silah, o cümlədən 5 avtomat, 2 tapança, 3 tüfəng və digər döyüş sursatları yığılıb. Narkotiklərlə mübarizə məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində 28 fakt müəyyən edilib ki, bu faktlar üzrə qanunsuz dövriyyədən 40 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.
Məruzə ətrafında çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin bir sıra xidmət və ərazi orqanlarının rəisləri görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb, yol verilən nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinin ümumən müsbət olduğunu, eyni zamanda, hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin daxili işlər orqanlarına yüksək tələbkarlığı, diqqət və qayğısı xidməti vəzifələrin yerinə yetirilməsində məsuliyyəti daha da artırır.
“Ona görə gündəlik fəaliyyətində ictimaiyyətlə sıx təmasda olan Dövlət Yol Polisinin əməkdaşları yol hərəkəti qaydaları pozucularına, eləcə də cinayətkarlığa qarşı daha qətiyyətli və barışmaz mübarizə aparmalı, eyni zamanda, ədalətli və yüksək nizam-intizamlı olmalıdırlar”.
Modern.az