Modern.az

Qaradağdakı “Gülbaxt” karxanasından şikayət var: "İcra məmurları bizi boğaza yığıblar"

Qaradağdakı “Gülbaxt” karxanasından şikayət var: "İcra məmurları bizi boğaza yığıblar"

Təhsil

19 İyul 2011, 18:37

Qaradağ rayonundakı “Gülbaxt” daş karxanası ilə bağlı qalmaqal yaranıb. Bununla bağlı vətəndaşlar Əlövsət Orucov və Əlzamin Niyazovun redaksiyamıza şikayət məktubu ünvanlayıblar. Onlar yazırlar ki, Qaradağ rayonu ərazisində 1 ha sahəni icarəyə götürüblər və oradan çörəkpulu qazanırlar. Bütün sənədləri, xəritəsi, sərəncamı, müqaviləsi olmasına baxmayaraq qonşuluqda kiçik ərazini icarəyə götürən Akif Məmmədov onların ərazisini zəbt edib:

“Daş karxanası ilə bağlı vətəndaş Akif Məmmədovla aramızda yaranan mübahisə ilə bağlı məhkəmə çəkişməsi davam edir. Biz məmur və vəkil özbaşınalığından boğaza yığılmışıq və prezident İlham Əliyevdən kömək istəyirik. Akif Məmmədovla Vəkillər Kollegiyasının üzvü vəkil Ağalar Ağaşirinov, Nəsimi Rayon Məhkəməsi və Nəsimi Rayon İcra Şöbəsinin əməkdaşları əlbir olub qanunu pozur, başqasının mülkiyyətini zəbt edirlər. Biz hesab edirik ki, onlar cinayətkar birlik yaradıblar.

Diqqət çəkən hallardan biri odur ki, mübahisəli ərazi Qaradağ rayonu ərazisində yerləşdiyi halda, Akif Məmmədov və onun vəkili Ağalar Ağaşirinov Əlövsət Orucova qarşı iddianı məqsədli olaraq Nəsimi Rayon Məhkəməsində qaldırıblar.

Onlar Nəsimi Rayon Məhkəməsinin hakimlərini ələ alaraq işlərinə bu  məhkəmədə baxılmasını təşkil ediblər. Vəkil Ağalar Ağaşirinov və Akif Məmmədova Nəsimi rayonunda və bu rayonun məhkəməsində arxa duran, qanunsuz əməllər törətməsinə imkan yaradan kimdir? Bizim bu sualımıza heç kim cavab vermir”. 

Şikayətçilər Nəsimi Rayon Məhkəməsi ilə yanaşı bu işlərdə əli olan Nəsimi Rayon İcra Şöbəsini də ittiham edirlər: “İcra şöbəsinin əməkdaşları qanunsuzluq edir, səlahiyyətləri olmadığı halda Qaradağ rayonunda mülkə həbs qoyurlar. Onların bu əməlləri məmur özbaşınalığı kuliminasiya səviyyəsinə çatdığını göstərir.

Nəsimi İcra Şöbəsinin İcra məmuru Ələddin Hüseynov icraatındakı işlərini kənara qoyaraq günün bütün vaxtını Qaradağ rayon ərazisindəki kariyerdə keçirir.

İcra məmuru Ələddin Hüseynovun Nəsimi Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərardadı əsasında 06 iyul 2011-ci il tarixdə Əlövsət Orucova məxsus 1 ha əraziyə qanunsuz daxil olaraq, ərazidəki fəhlələri və Əlzamin Niyazovu nalayiq küçə söyüşləri ilə söyərək ərazidən qovub və əraziyə həbs qoyması özbaşınalığın və azğınlığın son həddidir. Əlbəttə ki, Ələddin Hüseynovun bu işlə belə yaxından maraqlanması səbəbsiz deyil. Bizdə olan məlumata görə Ələddin Hüseynov bu işə bağlı  külli miqdarda rüşvət alıb”.

Şikayətçilər yazırlar ki, Akif Məmmədova hüquqi yardım göstərmək adı altında onun bütün qanunsuz hərəkətləri həyata keçirən şəxs vəkili Ağalar Ağaşirinovdur: “Bu şəxs vəkillik fəaliyyəti ilə bir araya sığmayan, vəkil adına yaraşmayan çirkin əməllərlə məşğuldur.

Akif Məmmədovun bütün qaranlıq və çirkin əməllərini vəkil Ağalar Ağaşirinov çox ustalıqla yalan danışaraq və ya bəzi məmurları ələ alaraq örtbasdır edir. Ağalar Ağaşirinov vəkili olduğu Akif Məmmədova məxsus 0,40 ha kariyerdə fəhlə kimi işləyən və aralarında heç bir əmək müqaviləsi olmayan Əliyev Teyyub İntiqam oğlunun 28 iyun 2011-ci il tarixdə kariyerdən yıxılmasını hüquq mühavizə orqanlarına növbəti dəfə yalan danışaraq gizlədib. Teyyub Əliyev 1 saylı Klinik Xəstəxanada iki dəfə əməliyyat olunub və vəziyyəti ağır olaraq qalır.

“Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə birbaşa olaraq zidd hərəkət edən və vəkil andına əməl etməyən Ağalar Ağaşirinov məni üzümə adam dayandıraraq tutduracağı ilə hədələyib. Ağalar Ağaşirinov bizdən maşın-maşın daş verməyi, ya şərik olmağımız təklif edir. İndi isə cinayətkar kimi qələmə verərək üzlərinə yalaçı şahid dayandıraraq həbs etdirmək istəyir”.

Məktubda qeyd olunub ki, artıq Ağalar Ağaşirinovla bağlı Vəkillər Kollegiyasına şikayət ediblər və onun kollegiyadan uzaqlaşdırılması məsələsinə baxılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı