Modern.az

İcbari tibbi sığortanın tam tətbiqinə hazırıqmı? - Milli Məclis qanuna dəyişiklik edəcək  

İcbari tibbi sığortanın tam tətbiqinə hazırıqmı? - Milli Məclis qanuna dəyişiklik edəcək  

12 Fevral 2018, 12:14

Baş nazirin müavini Əli Əhmədov növbəti ildən respublika üzrə icbari tibbi sığortanın tətbiq ediləcəyi anonsunu verib. Ə.Əhmədov eyni zamanda, pilot layihə üçün növbəti rayonun Ağdaş olacağını açıqlayıb.

İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova Modern.az-a deyib ki, pilot layihənin Ağdaşda tətbiqi üçün ölkə prezidentinin fərmanı gözlənilir.

Rəsmi məlumata görə, ümumilikdə sağlamlıq həftələri çərçivəsində, açılış mərasimi daxil olmaqla 19651 nəfər müayinələrə cəlb olunub. Onlardan 442 nəfəri sağlamlıq həftələrinin açılış mərasiminin, 552 nəfəri süd vəzisinin xərçəngi, 197 nəfəri prostat vəzi xəstəlikləri, 9519 nəfəri skolioz, 2314 nəfəri şəkərli diabet və sağlam qidalanma, 2804 nəfəri hipertoniya və sağlam qidalanma, 2674 nəfəri xolesterin və sağlam qidalanma, 1149 nəfəri isə tütün çəkmə ilə mübarizə üzrə sağlamlıq həftələrinin iştirakçıları olub.

Müraciət edən vətəndaşların yaş qrupları üzrə bölgüsünə gəldikdə, 10084 nəfər 0-15 yaş, 1004 nəfər 16-25 yaş, 1517 nəfər 26-35 yaş, 1604 nəfər 36-45 yaş, 2023 nəfər 46-55 yaş, 2989 nəfər 56-70 yaş arasında, 430 nəfər isə 70 yaşdan yuxarı şəxslərdir.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, bütün məsələlər İcbari Tibbi Sığorta Agentliyi tərəfindən icra edilməkdədir:

“Ötən ilin kifayət qədər yaxşı təcrübəsi var. Artıq Yevlaxda, Mingəçevirdə icbari tibbi sığortanın pilot layihəsinin bir ili başa çatıb, ikinci ili də davam edir. Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda və Ağdaşda da icbari tibbi sığortanın tətbiqinə start verilir. 2018-ci ildə bütövlükdə dörd rayon pilot layihə təcrübəsini başa çatdıracaq”.

 

Deputat qeyd edib ki, İcbari Tibbi Sığorta Agentliyi qanunlara əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə müraciət edəcək:

“Hazırda qanunlara müvafiq dəyişikliklər üzərində işlər gedir. Növbəti ildən isə icbari tibbi sığortaya tamamilə keçiləcək. Mən hesab edirəm ki, icbari tibbi sığortanın bütün ölkə ərazisində uğurla həyata keçirilməsi üçün biz əmək haqlarının leqallaşdırılması, sığortaya cəlb olunması, qeyri-formal məşğulluğun aradan qaldırılması təmin edilməlidir. Bu gün Azərbaycanda faktiki 5 milyondan çox işçi qüvvəsi olsa da, onlardan təxminən üçdə biri sosial sığortaya cəlb olunub. Qalan hissənin də sığortaya cəlb olunması üçün hökumət iş aparır. Bütövlükdə icbari tibbi sığortanın tətbiqilə bağlı işlər uğurla həyata keçirilir. Gələn ildən bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Bu da səhiyyə sistemində vətəndaşların indi üzləşdiyi problemlərinin aradan qaldırılmasına, xüsusilə əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşmasına və tibb müəssisələri və işçiləri arasında sağlam rəqabətin formalaşmasına gətirib çıxaracaq”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək