Əli Həsənov: "Biz medianın inkişafını Azərbaycan dövlətinin inkişafından ayrıca təsəvvür edə bilmirik"
“Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində ölkə mediası sözün həqiqi mənasında ciddi inkişaf yolu keçib. Bir tərəfdən mediamız təşkilatlanıb, qəzet və yaxud jurnal, digər elektron kütləvi informasiya vasitəsi kimi formalaşıb və öz dəsti-xəttini qazanıb. Respublika ictimaiyyətini baş verən hadisələrlə, Azərbaycan və onun ətrafında cərəyan edən proseslərlə tanış edib. Digər tərəfdən, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın problem və dərdlərini dünyaya yaymaq, işğal olunmuş torpaqlarla bağlı, qaçqın, köçkün problemləri ilə bağlı məsələləri işıqlandırmaq anlamında sözün həqiqi mənasında dövlətin yaxın köməkçisi olub. Ona görə də, biz medianın inkişafını Azərbaycan dövlətinin inkişafından ayrıca təsəvvür edə bilmirik”.
Bunu deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, dövləti, dövlətçiliyi, onun daxili və xarici siyasətini media olmadan təsəvvür etmək çox çətindir. Medianın inkişafı bütövlükdə dövlətin inkişafına, dövlətin inkişafı isə medianın inkişafına xidmət edir:
“Medianın belə inkişafı Azərbaycan dövlətinin güclənməsinə, dövlətin güclənməsi isə medianın inkişafına xidmət etməlidir. Biz çalışmalıyıq ki, bir tərəfdən media güclənsin, inkişaf etsin, digər tərəfdən medianın imkanlarından dövlət istifadə edərək öz informasiya siyasətini həyata keçirsin, öz problemlərini beynəlxalq aləmə çatdırsın, daxili siyasətini vətəndaşlara çatdırçın. Media ilə dövlət bir-birindən ayrılmaz şəkildə inkişaf etsin və siyasi plüralizm pinsiplərinin bərqəqrar olmasında hər iki tərəf öz rolunu ifadə etsin”.
Modern.az