Modern.az

Ali məktəblərin magistraturasına sənəd qəbulu başlanır

Ali məktəblərin magistraturasına sənəd qəbulu başlanır

25 Noyabr 2009, 10:01

Noyabrın 26-dan respublika ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu başlanır. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər.

Sənədlərin qəbulu internet vasitəsi ilə aparılacaq. Bakalavrlar şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurmalı, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış komissiyaya təqdim etməli, “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirməlidirlər. Bakalavrlar TQDK-nın ödəmə kartını yalnız elektron formada “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartından istifadə etməklə //tqdk.gov.az/virtualkart/ internet ünvanndan ala bilərlər.

Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün noyabrın 26-dan dekabrın 4-dək “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri təqdim etməlidirlər.

Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.

Sənəd vermək hüququna ali peşə təhsilini başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər. MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd verə bilərlər.

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar da sənəd verə bilərlər.

TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Həmin ixtisasların siyahısı Magistr” xüsusi buraxılışının 8-ci sayında nəşr edilib.

Qəbul imtahanları iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrın məntiqi təfəkkürü, informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat fənnini) və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılacaq.

Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı veriləcək.

Tədrisi ingilis dilində olan ixtisasları seçmək istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini göstərməlidirlər.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (ADA-ya daxil olmaq istəyənlər üçün riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılacaqlar.

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunacaqlar və Azərbaycan Diplomatik Akademiyasının apardığı qəbul proseduralarından keçiriləcəklər.

Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi