Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində icra olunan “Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) potensialının artırılması” layihəsi üzrə yaradılmış Məşvərətçi İşçi qrup iyulun 19-da beynəlxalq ekspertlərin iştirakı ilə növbəti iclasını keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, layihənin bir illik fəaliyyəti haqqında hesabatın müzakirə olunduğu iclasda hazırlanan yeni sənədlər nəzərdən keçirilib.
İclasda Avropa İttifaqının “Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək” Tvininq layihəsi ilə qarşılıqlı əlaqələr və qarşıda duran vəzifələr barədə məlumat verilib. Tədbir çərçivəsində Əməyin Təhlükəsizliyi və Sağlamlığı (ƏTS) üzrə üçtərəfli Milli Şuranın yaradılması məsələsi müzakirə edilib, beynəlxalq ekspertlər tərəfindən bu sahədə beynəlxalq təcrübə barədə geniş məlumat verilib. Bununla yanaşı, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət olmaqla yaradılacaq ƏTS üzrə Milli Şuranın təşkilati strukturu müzakirə olunub.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması layihəsinin icrasına 2010-cu ilin iyul ayından başlanılıb. Üç illik layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin Azərbaycanda toplanacağı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər işçiləri ilə sıx əməkdaşlıq şəraitində bu qurumun potensialının gücləndirilməsinə dəstək vermək üçün bir çox işləri icra edəcəyi nəzərdə tutulur.
Modern.az