Səbail rayonunun icra başçısı Eldar Əzizovun səhhətində ciddi problemin olduğu iddia edilir. Sosial şəbəkələrdə yer alan bu iddiaların yaranmasına səbəb isə bir neçə gün əvvəl onun Bayıl yamacındakı sürüşmə yerində çəkilən şəklidir. Eldar Əzizovub hadisə yerindən yayılmış fotosu icra başçısının səhhətini gündəmə gətirib.
Hətta bəzi sosial şəbəkə istifadəçiləri icra başçısının əvvəlki və indiki şəklini paylaşılaraq, onun hansısa xəstəliyə tutulduğunu iddia edib.
Səbail rayon İcra Hakimiyyətindən isə Modern.az-a verilən açıqlamada bu iddialar təkzib olunub. İcra hakimiyyətindən bildirilib ki, icra başçısı Eldar Əzizov haqqında yayılan xəbərlər əsassızdır.
“Eldar Əzizovun hansısa xəstəliyə tutulması xəbərlərni kim yayırsa, böyük səhvə yol verir. Çünki icra başçısının səhhətində heç bir problem yoxdur. Qaldı ki, əvvəlki və indiki fotolarını müqayisə edib özlərindən nəsə uydurmalarına, onu deyə bilərik ki, əvvəlki foto 14 il əvvəl çəkilib. İndi Eldar müəllimin 60 yaşı var. Üzərindən 14 il keçib. Təbii, hər kəs dəyişir. Bunu götürüb xəstəlik kimi yazmaq yanlış hərəkətdir”.