“Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli özünün Facebook hesabında təzyiqlərə məruz qaldığını yazıb. Ardınca da fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb.
“Gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin sorğu-sualı, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar...
Bu bəs etmədi, indi də “Əli və Nino” kitab dükanları “mollar”dan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar”.
Nigar Köçərli Modern.az-a açıqlamasında məsələ ilə bağlı qarşı tərəfin onunla əlaqə saxladığını söyləyib.
“Srağagün axşam saatlarında cənab nazirin köməkçisi mənimlə əlaqə saxladı. Söhbət zamanı dedi ki, yeni yaradılan kitab şəbəkəsinin Kəmaləddin Heydərova heç bir aidiyyatı yoxdur. Bu, ona aid deyil. Dedi ki, bunu sizə qarşı kim edirsə, gedin, onun sahibini tapın və onunla danışın. İkincisi məsələ qardaşımla bağlı idi. Yazmışdım ki, “qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı”. Nazir köməkçisi buna da cavab verdi. Dedi ki, sizin qardaşınız Göyçayda yox, Ağdaşda zavod açıb. Mənə bu cür cavab verildi”.
“Əli və Nino” kitab mağazalarının sahibi onu da bildirib ki, müraciətini yenə davam etdirir.
“Əslində, heç kəslə dava etmirəm. Sadəcə, öz işimi müdafiə edirəm. Yenə də cənab nazirdən xahiş edirəm ki, mənim kitab mağazalarıma toxunmasınlar”.
Qeyd edək ki, Nigar Köçərli “Əli və Nino” kitab mağazaları şəbəkəsinə 15 ilə yaxındır ki, rəhbərlik edir.