Modern.az

İlham Əliyev: “Demokratik dövlətlərin meyarlarına yaxınlaşmaq bizim məqsədimizdir”

İlham Əliyev: “Demokratik dövlətlərin meyarlarına yaxınlaşmaq bizim məqsədimizdir”

20 İyul 2011, 19:52

Dövlət başçısı AŞPA nümayəndə heyəti ilə görüşü zamanı bir sıra maraqlı məqamlara toxunub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib. Modern.az AzərTac-a istinadən bildirir ki, dövlət başçısı  bu səfəri “münasibətlərə aid ciddi məsələləri müzakirə etmək fürsət” olduğunu deyib.
“On ildən çoxdur ki, Azərbaycan Avropa Şurasının üzvüdür, özü də fəal üzvüdür. Bildiyiniz kimi, biz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edirik. Avropa İttifaqının təsisatları ilə Azərbaycan arasında olan təmaslar çox dinamikdir”-deyən Prezident Avropanın əsas siyasi partiyalarının nümayəndələrinin qonaqlar arasında olmağından məmnun olduğunu və  bunu əməkdaşlığın yaxşı formatı olduğunu qeyd edib.  

“Bizi Avropanın ictimai rəyində o qədər tanımırlar”

İ. Əliyev bildirib ki, Azərbaycan müstəqillik baxımından gənc ölkədir. “Cəmi 20 ildir ki, biz müstəqilik. Lakin bu ölkənin böyük tarixi və adət-ənənələri vardır. Müxtəlif tarixi mərhələlərdə biz digər ölkələrin və imperiyaların hissəsi olmuşuq. Yalnız 20 il öncə biz müstəqilliyimizi əldə etmişik. Həmin illər dünyəvi, demokratik və inkişaf etmiş ölkənin qurulmasında çox mühüm olub.  İyirmi il uzun dövr deyil, lakin həmin vaxt ərzində əsas çətinliklərin aradan qaldırılmasına nail olduq. Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi, Ermənistanın işğalı ilə üzləşdik. Eyni zamanda, biz siyasi sistemi və demokratik təsisatları qura bildik, bir sıra Avropa təsisatlarına qəbul olunduq, region ölkələri ilə güclü əlaqələr qurduq və çox perspektivli iqtisadi inkişafa nail olduq”.
Prezident qurumla əlaqələrə toxunaraq bildirib ki, bu münasibətlər inkişaf etməlidir. “Biz bütün Avropa təsisatları ilə əlaqələrimizi siyasi partiyalar formatında, Avropa Parlamenti-Azərbaycan, Avropa Şurası- Azərbaycan səviyyəsində inkişaf etdirməliyik. Həmçinin, insanlar arasında da təmasları daha sıx etməliyik. Çünki biz özümüzü hələ də təqdim etməyə ehtiyac duyuruq. Bizi Avropanın ictimai rəyində o qədər tanımırlar. Bu, obyektiv səbəblərlə bağlıdır. İyirmi il o qədər də uzun dövr deyil. Buna görə bizə vaxt lazımdır. Biz avropalı qonaqlarımızı Azərbaycana səfərə dəvət etməkdə olduqca maraqlıyıq”.

Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyasının sədri, prosedur qaydaları, toxunulmazlıq və təsisat məsələləri, monitorinq, sosial, səhiyyə və ailə məsələləri komitələrinin üzvü Luka VOLONTE təmsil etdiyi partiyanın Azərbaycanla əməkdaşlığına toxunaraq bildirib ki,  Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında sıx dostluq münasibətlərinin qurulması arzusu var.

“Avropa Şurasında apardığımız iş göstərir ki, birgə işləmək mümkündür. Xristian Demokrat Partiyası və bir sıra digər partiyalar əməkdaşlıq etmək fikrindədir, çünki bizim insan hüquqları, ailə dəyərləri, azad cəmiyyət, liberal iqtisadiyyat kimi mühüm meyarları müdafiə və təşviq etməkdə maraqlarımız eynidir”-deyə Volonte bildirib.

“Demokratiya ənənələri ilə seçilən dövlətlərin meyarlarına yaxınlaşmaq bizim məqsədimizdir”

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən siyasi, sosial-iqtisadi islahatlardan danışaraq qeyd edib ki, həyata keçirilən istər siyasi, istərsə də iqtisadi islahatlar artıq uğurlu inkişafa aparmaqdadır. “Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. Əminəm ki, Avropa Şurasına üzvlüyümüz siyasi sistemimizin meyarlarını Avropa İttifaqına üzv olan və uzun demokratiya ənənələri tarixi ilə seçilən dövlətlərdə olan meyarlara daha da yaxınlaşdırmaqda bizə çox yardım etdi. Əslində, bu, bizim məqsədimizdir”.

Dövlət başçısı Azərbaycanda qəbul edilən qanunların ölkədə yeni siyasi mühit yaratdığını bildirib. Prezident İlham Əliyev ölkədə mətbuat azadlığının və İnternetə azad çıxışın təmin olunduğunu, İnternet istifadəçilərinin əhalinin 50 faizini təşkil etdiyini deyib. Siyasi və demokratik inkişafın Azərbaycan qarşısında duran əsas prioritetlərdən biri olduğunu deyən dövlət başçısı genişmiqyaslı uğurlu siyasi islahatların aparıldığını xatırladıb. Prezident İlham Əliyev Azərbaycanda əsas azadlıqların tam təmin olunduğunu, bütün millətlərin və dinlərin nümayəndələrinin azad şəraitdə yaşadıqlarını vurğulayıb.

Dövlət başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək bu münaqişəni nəinki Azərbaycan üçün, bütövlükdə region üçün əsas problem olduğunu bildirib. “Əslində, bu münaqişə Sovet İttifaqının son illərində başladı. Müstəqilliyimiz belə bir ağır və qanlı münaqişə ilə çətinləşdi və bu, Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz vardır. Dağlıq Qarabağ tamamilə monoetnik struktura çevrilib, orada bir nəfər də azərbaycanlı qalmayıbdır. Münaqişədən əvvəl isə orada əhalinin 25 faizini azərbaycanlılar təşkil edirdi. Onların hamısı qovulub, Dağlıq Qarabağın heç vaxt hissəsi olmayan və ermənilərin heç vaxt yaşamadıqları ətrafdakı yeddi rayondan təxminən 700 min azərbaycanlı didərgin düşübdür”.

“Ümidvarıq ki, Ermənistan ən qüdrətli dövlətlərin çağırışlarına qulaq asacaq”

Prezident qeyd edib ki, bu il ATƏT-in missiyası həmin yerlərə aid qiymətləndirmə hesabatı hazırlayıb.
“Həmin missiya işğal olunan ərazilərə səfər edib və hər şeyin - binalarımızın, qəbiristanlıqlarımızın, məscidlərimizin viran qoyulduğunu qeyd edibdir. Orada həyat yoxdur. Beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul edibdir. Ən ali beynəlxalq orqan – BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul edibdir. Avropa Şurası da 2005-ci ildə qətnamə qəbul edib, Avropa Parlamentinin və ATƏT-in qərarları olubdur. Lakin məsələ hələ də həll edilməyib”-deyə İ. Əliyev bildirib.

“Əsas səbəb isə odur ki, Ermənistan status-kvonu daim saxlamaq istəyir. Onlar işğal edilən ərazilərdən çəkilmək istəmirlər və danışıqlar prosesi zamanı Dağlıq Qarabağ üçün müstəqillik əldə etməyə çalışırlar. Lakin Dağlıq Qarabağ tarixən heç vaxt Ermənistanın hissəsi olmayıb. İkincisi, o, Azərbaycanın mərkəzində yerləşir. Hazırda ora nəzarətsiz bir ərazidir. Vasitəçilər və Azərbaycanın təkliflərinə gəldikdə, bu, güzəştlərə əsaslanan ədalətli yanaşmadır. Bunun nəticəsində Dağlıq Qarabağda yaşayanlara yüksək özünüidarə statusu verilə bilər və eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü bərpa olunar. Ümidvarıq ki, Ermənistan bu səslərə, xüsusən də ən qüdrətli dövlətlərin liderlərinin status-kvonun qəbuledilməz olması haqqında çağırışlarına qulaq asacaqdır”-deyə dövlət başçısı sonda qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı